Müasir dünyanın tələbi: “Beyinləri” ölkədə necə saxlayaq?

Müasir dünyanın tələbi: “Beyinləri” ölkədə necə saxlayaq?

İSTİQAMƏT: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Müasir texnologiyaların sürətli inkişafı bu sahənin mütəxəssislərinə təlabatı artırır.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı addımlar atılsa da, hələ də bu sahədə çatışmazlıqlar var. Mütəxəssislərin kifayət qədər olmaması da bu sahənin inkişafını ləngidən əsas amillərdən biridir. Azərbaycanda bu sahənin inkişafının təməli 2005-ci ildən qoyulub. İlk olaraq İKT-nin inkişafını təmin etmək üçün qanunverici baza yaradıldı. Qeyd edək ki, 2004-cü ildə “Poçt rabitəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, 2005-ci ildə “Telekommunikasiya haqqında”, “Elektron ticarət haqqında” Qanun qəbul edilib.

Eyni zamanda, Prezident İlham Əliyevin 21 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) təsdiq edildi.

Qanunverci baza formalaşdıqdan sonra bu sahə ilə bağlı mütəxəssislər də yetişdirilməyə başladı. Qəbul edilən inkişaf proqramları bu sahədə müsbət nəticələr əldə olunnmasına şəait yaratdı. Xatırladaq ki, hazırda “Elektron Hökumət” portalı fəaliyyət göstərir, bu da kifayət qədər böyük üstünlüklərə sahib bir bazadır. Mərkəzləşmiş məlumat bazası rolunu oynayan “Elektron Hökumət Portalı” demək olar ki, bütün dövlət qurumları tərəfindən istifadə olunur. Onu da bildirək ki, “Elektron Hökumət Portalı” 39-dən çox dövlət qurumuna xidmət verir.

Portalın xidmətindən banklar, sığorta şirkətləri, yerli icra hakimiyyətləri yararlana bilər. İKT inkişaf etdikcə, bu sahənin təhlükəsizliyinin təmini də ön plana keçir. Müəyyən dövrlərdə banklardakı hesablardan pulların oğurlanması, o cümlədən haker hücumları, internetdə peyda olan dəladuzlar, bank kartları ilə bağlı şikayətlərin çox olması, təmassız, onlayn ödənişlərdə çətinliklər və ən əsası internet provayderlərinin xidmətindən olan narazılıq bu sahədə təhlükəsizliyin tam şəkildə təmin olunmadığı ilə bağlı narahatlıqlar yaradır.

Mövcud problemləri aradan qaldırmaq üçün aidiyyəti üzrə dövlət qurumları ciddi addımlar atır. Amma mütəxəssis çatışmazlığı effektiv nəticələr əldə etməklə bağlı problemlər yaradır. Ekspertlərin fikrincə, bu gün Azərbaycandan İKT sahəsi üzrə ən 20 min nəfər mütəxəssisə ehtiyac var. Azərbaycan təhsil sistemi isə bu sahə üzrə hər il ümumi olaraq 3 mindən çox məzun buraxır. Onların isə böyük çoxluğu diplom alandan sonra bu sahə ilə məşğul olmaq üçün ya xaricə üz tutur, ya da hansısa özəl şirkətlərdə çalışmağa başlayır. Bu da kadr problemini qısa zamanda həll etməyə imkan vermir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili komitə iclasında bu məsələ ilə bağlı problemləri dilə gətirərək kadr çatışmazlığını ön plana çəkib.

“Dünyada gedən proses belədir ki, İKT sahəsində fəaliyyət göstərən mütəxəssislər Avropadan ABŞ-a, Asiyadan Koreyaya axın edir. Bu axının qarşısında heç kəs, Avropanın özü də dura bilmir. Burada ən doğru addım daha çox mütəxəssis yetişdirməkdir”,-deyə T.Mirkişili belə deyib. Komitə sədri bu sahədə Belarus təcrübəsinin daha optimal yol olduğunu bildirib:

“Xaricə ən çox mütəxəssis gedən ölkələrdən biri də Belarusdur. Belarusun universitetləri il ərzində 100-120 min mütəxəssis yetişdirir. Onlar düşünürlər ki, onun 10-15 mini də ölkədə qalsa, bəsdir. Qalanları ölkədən gedə bilər. Biz buna nail olmalıyıq”. Bu gün İKT sahəsinin inkişafı dövlətin əsas prioritetlərindən biridir. Bu istiqamətdə dövlət ardıcıl işlər görür. Əsas hədəf isə İKT sahəsində beynəlxalq standartlara cavab verəcək inkişafa nail olmaqdır. Bu, özündə İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsini ehtiva edir.

Bu sahənin inkişafı üçün icra mexanizmlərini tam gücü ilə işə salmaq vacibdir. Əks halda, inkişafa gedən yol daha daha uzun və çətin ola bilər. Mütəxəssislər hesab edir ki, müasir texnologiyalar artıq gündəlik yaşam tərzinə çevrilməlidir. İşğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının yaradılması da buna işarədir. Yyaxın zamanlarda bu konsepsiya ölkədə geniş yayılacaq. Bütün iqtisadi sektor, insanların fəaliyyəti də smart texnologiyalar əsasında qurulmalı, süni intellekt texnologiyaları vasitəsilə daha yüksək səviyyəyə çatmalıdır. İKT-nin inkişaf mexanizmini bu istiqamətdə qurmağa səy göstərmək lazımdır.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
Cebhe.info