Azərbaycanda böyük təhlükə: Şöbə müdiri xəbərdarlıq etdi

Azərbaycanda böyük təhlükə: Şöbə müdiri xəbərdarlıq etdi

Azərbaycanda Böyük və Kiçik Qafqaz dağlarında buzlaqların sahəsi ildən-ilə azalır.

Bunu "Azərkosmos"un aparıcı mütəxəssisi İsmət Baxışov Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafı üzrə dövlət proqramının icrasının yekunlarına həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın dağlıq rayonlarında qarlı ərazilərdə azalma var.

"2017-ci ildə qarla örtülmüş ərazilər daha çox olduğu halda, 2018-2019-cu illərdə azalma qeydə alınıb. 2020-2021-ci illərdə bu rəqəm artıb, 2022-ci ildən isə yenidən qarlı ərazilərdə azalma müşahidə olunub", - deyə Baxışov bildirib.

Maraqlıdır, buzlaqların əriməsi hansı problemləri yarada bilər?

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh Cebhe.info-ya açıqlamasında bildirib ki, bu su qıtlığı da daxil olmaqla bir çox problemlər yarana bilər:

“Bizim apardığımız müşahidələr əsasında müəyyən oldu ki, Azərbaycanda buzlaqların sahəsi kəskin sürətdə aşağı düşüb, 0.17 kvadrat kilometr buzlaq sahəsi qalıb. Bu, çox acınacaqlı və kiçik rəqəmdir. Buzlaqlar əriyəndə buzlağın tərkibində olan bərk maddələr, buzlaq çöküntüləri buzlağın səthində toplanır.

Əgər buzlaq ağ idisə, sonra qara çöküntü materialları ilə örtülməsi o deməkdir ki, buzlağın ərimə sürəti daha da artır. Çünki o qara sədd Günəş işıqlarını daha tez udur və daha tez qızır, bu da əriməni artırır. Belə olanda da buzluqların sahəsi və qalınlığı azalır.

Buzlaqların Azərbaycanın dağlıq ərazilərində olması iqtisadi həyatımız üçün də böyük əhəmiyyətə malikdir. Buzlaqlar həm də çayları qidalandırır. Yağışın az düşdüyü dönəmlərdə çaylarda sululuq azalmırsa, bu, buzlaqların hesabınadır. Buzlaqlar təkcə çayları yox, yeraltı suları da qidalandırır. Əgər çaylar və yeraltı sular buzlaqlar hesabına qidalanmırsa, onda sululuq da azalacaq.

Hava temperaturunun artması, iqlim dəyişmələrinin baş verməsi buzlaqların daha da əriyib sıradan çıxmasına gətirib çıxaracaq. Yaxın 5-10 il ərzində də bu bizə problemlər yaradacaq, su sərfi və çaylarda sululuq azalacaq. Sululuğun azalması suvarma suyuna, içməli suya olan tələbatda müəyyən problemlər yarada bilər.

Yeni alternativ su mənbələrinin tapılması, sudan qənaətlə istifadə olunması lazımdır. Təbii ki, su qıtlığı yaşaya bilərik. Buzluqlar əriyərsə, ərimə prosesi qurtararsa, çaylara da su gəlməz və sululuq aşağı düşər. Amma hazırda sululuq səviyyəsi aşağı düşməyib. İqlim dəyişmələri bu templə getsə, problemlər qaçılmazdır. Amma təbiətin ritmi belədir”.

Naibə
Cebhe.info