Azərbaycanda kimlərə ömürlük həbs cəzası verilir?
Cinayət törətmiş şəxslər qanunvericiliyə əsasən həyatlarının bir qismini məhbəsdə keçirməyə məhkum olunur.
Sadəcə, burada törədilən cinayətin müxtəlifliyi, ağırlıq dərəcəsi və digər hallar nəzərə alınır. Bəzi hallarda elədiyin səhv, törətdiyin cinayət ömrünün bir neçə ilini, bəzi halda isə ömürlük həbs cəzası almaqla qalan ömrünün hamısını əlindən alır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, ömürlük həbs cəzası qadınlara,18 yaşına çatmamış şəxslərə və ömürlük həbs barədə hökm çıxarılana qədər 65 yaşına çatmış kişilərə şamil olunmur. Bəs hansı cəzalar insanı ömürlük həbs cəzası almağa vadar edir?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan hüquqşünas Əsabəli Mustafayev deyib ki, cinayət törədən şəxs bir neçə maddə ilə ömürlük həbs cəzasına məhkum oluna bilər:

"120-ci maddə ilə ömürlük həbs cəzası verilə bilər. Yəni ağırlaşdırıcı hallar - bir neçə nəfərin öldürülməsi, tamah məqsədi, xuliqanlıq niyyəti ilə qətl varsa, ömürlük həbs cəzası nəzərdə tutulur və bunlar olduqda tətbiq olunur. Bundan başqa, terrorizmlə bağlı cinayətlərdə və dövlətə xəyanətdə ömürlük həbs cəzasının verilməsi mümkündür. Bunların sayı azdır".
Hüquqşünas bu vaxtadək qanunauyğun olaraq heç bir qadının ömürlük həbs cəzası almadığını vurğulayıb: "Bəşəriyyət, insanlıq əleyhinə maddələr var, lakin onlar demək olar ki, tətbiq olunmayan maddələrdir. Azərbaycanda onunla bağlı cəzalar verilməyib. Uzun illərdir, yəni 1990-cı illərdən bəri ömürlük həbs cəzası alan və cəzasını çəkən insanlar var. Son zamanlar da barəsində ömürlük həbs cəzası tətbiq olunmuş insanlar var. Son illərdə bir nəfərin ömürlük həbs cəzasını 25 illə əvəzlədilər. Hüquq imkan verir ki, ömürlük həbs cəzasının müəyyən hissəsi həbsə çevrilsin və ya tamamilə əfv olunub, azadlığa buraxılsın". Xatırladaq ki, gələn ay mərhum prezident Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə əfv sərəncamı imzalanması gözlənilir. Əfv üçün müraciət edənlər arasında ömürlük həbs cəzası almış məhbusların da adlarının olduğu bildirilir.
Günay Şahmar
Cebhe.info

