Elşad Miriyə şillə kimi cavab: “Cəfəngiyyatdır”

İlahiyyatçı Elşad Mirinin "Qurani-Kərim" haqqında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
O kitabı müqəddəs hesab etmədiyini bildirib.
"Müqəddəs Quran” anlayışı yoxdur. Bizdə kitabi-müqəddəs, yəni, müqəddəs kitab deyiləndə “Tövrat” nəzərdə tutulub. Müqəddəs adlandırılanda kitaba toxunmaq olmaz. Quran bu gün telefonda da var. Quran üçün xüsusi dəstəmaz almaq, hansısa ritualları etmək gərəksizdir. Bu mənim həyat kitabımdır, yolumdur, naviqatorumdur. Vacib olan onun içindəkidir", - deyə o bildirib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ilahiyyatçı Tural İrfan "Cebhe.info"-ya açıqlamasında bu fikirlərin cəfəngiyyat olduğunu deyib:
"Müqəddəslik sözünün mahiyyətini dərk etmək lazımdır. Mahiyyətini dərk etməyən adamlar əlbəttə bunu inkar edə bilər. Müqəddəslik paklık deməkdir. Quranda belə bir ayə var ki, Musa Peyğəmbərə buyurulur ki, ayaqlarındakını çıxart, sən Müqəddəs vadidəsən, Allahla görüşdəsən. Quran, Tövrat, İncil və peyğəmbərlər müqəddəsdir.
Elşad Miri çox zaman İslamın “qırmızı xətlərini” keçir. O populyarlıq üçünmü, başqalarının diqqətini çəkmək üçünmü, özünü fərqli göstərmək üçünmü bunu edir, bilmirəm.
Amma düşünməlidir ki, İslam aləminin formalaşmış ənənələrini tapdalayır, ayaqlayır. O bilməlidir ki, dində olan bəzi məsələlər var ki, bunlardan kənara keçmək olmaz. Bu cür fikirlər cəfəngiyyatdır və heç bir əsası da yoxdur".
Naibə
"Cebhe.info"