Psixoloqdan SOS: “Telefon uşaqlarda aqressiya yaradır”

Psixoloqdan SOS: “Telefon uşaqlarda aqressiya yaradır”

“Kiçik yaş dönəmlərində uşaqların uzun müddət televizora və ya telefona baxması günümüzün ən aktual problemlərindən biridir”. 

Bu sözləri psixoloq Səbinə Şirəlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O bildirib ki, valideynlər uşaqlarının başını qatmaq üçün onlara telefon verirlər:

“Bununla bağlı dəfələrlə psixoloq və həkimlər tərəfindən valideynlərə çağırışlar olunub. Buna rəğmən, valideynlərin əksəriyyəti uşaqlarının uzun müddət telefon və televizordan istifadəsinə şərait yaradırlar. Valideynlər uşağı sakitləşdirmək və ya ona yemək yedirtmək üçün bu addımı atdıqlarını deyirlər. Eyni zamanda, işdən yorğun gələn valideynlər uşağına səs salmaması üçün telefon verdiklərini etiraf edirlər”.

Psixoloq qeyd edib ki, telefon və televizor təklif etdiyi rəngarəng məznunlara görə uşaqların diqqətini çəkir: 

“Uşaqlar onlara baxdıqları zaman onlarda xoşbəxtlik hormonu ifraz olunmağa başlayır. Yəni uşaqlar özlərini xoşbəxt hiss etdikləri zaman sakitləşirlər. Valideynlər də bu səbəbdən uşaqlarına telefon və televizor üçün ayırdıqları vaxtı bir qədər uzadırlar. Lakin bunun uşağa nə qədər mənfi təsiri olduğunu bilməlidirlər”. 

Ekspert həmin fəsadlardan bəhs edib:

“Hətta 2-3 yaş dönəmlərində oyunlara və ya cizgi filmlərinə baxan uşaqlarda aqressiya yaranmağa başlayır. Bu zaman onlarda davranış pozuntusu, diqqət əskikliyi, nitq ləngiməsi kimi problemlər yaranır. Çünki şüanın uşaqların beyninə çox mənfi təsiri var. Uşaq aqressiya olan cizgi filminə baxdıqda və belə oyun oynadıqda gördüklərini təkrarlamağa çalışır”. 

Səbinə Şirəliyeva valideynlərə tövsiyələr də verib: 

“Təklif edirəm ki, valideynlər uşaqlarına televizor pultu və ya telefon vermək əvəzinə onlarla vaxt keçirməyə çalışsınlar. Valideynlər uşaqlarına nağıllar danışa və onlarla oyunlar oynaya bilərlər. Hətta yemək verərkən də müxtəlif fiqurlarla oyunlar oynayaraq övladlarına əyləncəli anlar yaşada bilərlər. 

Uşaq ağlamağa başladığı zaman telefon və ya televizor olmadan da müxtəlif oyunlarla onların diqqətini cəlb etmək mümkündür. Ümumiyyətlə, valideynlər bir az səbirli və anlayışlı olmalıdırlar. Əgər uşaqlarının düzgün formalaşmasını istəyirlərsə, onların telefon və ya televizor qarşısında çox vaxt keçirməsinə icazə verməməlidirlər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”