Yas mərasimləri ilə bağlı cəsarətli qərar VERİLİR?

Yas mərasimləri ilə bağlı cəsarətli qərar VERİLİR?

Artıq uzun zamandır ki, Azərbaycanda yas mərasimləri ilə bağlı qaydaların dəyişdiriləcəyi, xüsusi qanunun qəbul olunacağı barədə müzakirələr aparılır.

Bu müzakirələr yas mərasimlərindəki israfın qarşısını almaqla bağlıdır. Lakin insanların şikayətlərinə və irəli sürülən bütün təşəbbüslərə baxmayaraq, hələ də nəticə əldə olunmayıb. Belə ki, yas məclislərindəki ənənəvi ehsan süfrələri əvvəlki qaydada davam edir. Xeyli vaxtdır müzakirəsi gedən bu məsələyə niyə hələ də hüquqi müdaxilə olunmur? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələnin ümumilikdə iki yolu var. Onun sözlərinə görə, cəmiyyət özü də bu prosesdə maraqlı olmalıdır: 

“Yas mərasimlərində israfçılığın qarşısını almağın iki yolu var. Birinci yol ondan ibarətdir ki, insanlar bunu özləri dərk edərək dayandırmalıdırlar. İkinci yol isə qaydalardır. Amma təəssüf ki, əksəriyyət qaydalar yolunu qəbul etmir. Bəzi hallarda bu müdaxiləni şəxsi seçimə, şəxsi həyata müdaxilə kimi qiymətləndirirlər. 

Əvvəllər də qeyd etmişəm ki, bu məsələnin tənzimlənməsi üçün qaydalara ehtiyac var. Məsələn, Tacikistan və digər ölkələrdə artıq bu tip qaydalar tətbiq olunub. Ancaq ən düzgün yanaşma o olardı ki, insanlar özləri bu məsələni anlayaraq şüurlu şəkildə etsinlər”. 

Deputat qeyd edib ki, bu gün bəzi bölgələrimizdə müəyyən təcrübə və ənənələr formalaşır: 

“Qadağalar olsa da, insanlar bunu gizli şəkildə, hansısa formada davam etdirməyə, həyata keçirməyə çalışacaqlar. Bunun qarşısını almağın ən effektiv yolu cəmiyyətin bu prosesi özü qəbul etməsidir. 

Artıq bəzi bölgələrimizdə müəyyən təcrübələr və ənənələr formalaşır. Yəni, insanlar özləri bunu dərk edərək bu məsələnin mərhələli şəkildə həyatlarından çıxması üçün çalışmalıdırlar. İnsanlar bu israfın yaratdığı fəsadları anlamalı və dəyişiklik üçün addımlar atırlar”. 

Ceyhun Məmmədovun sözlərinə görə, bu məsələdə məsuliyyət yalnız bir tərəfin üzərinə düşmür: 

“Burada məsuliyyət həm dövlətin, həm də ictimaiyyətin üzərinə düşür. Cəmiyyət bu prosesə hazır və maraqlı olmalıdır. Qaydalar tətbiq oluna bilər, amma ən gözəl nəticə o zaman əldə edilər ki, insanlar bu israfçılığın yanlış olduğunu dərk edib könüllü şəkildə ondan imtina etsinlər. Bu gün bir çox insan israfdan narazılıq edir, şikayətlənirlər, amma yenə də bu ənənəni davam etdirirlər. Cəsarətli olmaq və dəyişiklik üçün ilk addımı atmaq lazımdır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”