COP29: "Azərbaycanın beynəlxalq siyasətdə rolu artacaq”

“Bakının ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 6 aydan da az bir vaxt qalır".
Bu sözləri "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Cebhe.info"ya açıqlamasında deyib.
O bildirib ki, konfransın keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi öz işini davam etdirir:
"Təşkilatçılıq üçün ölkəmizə 1 ildən az vaxt verilsə də, Azərbaycan bu mötəbər konfransı da yüksək səviyyədə keçirəcək və ona göstərilən beynəlxalq etimadı doğruldacaq. Nəzərə almaq lazımdır ki, COP29 dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biridir.
COP 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi məqsədilə yaradılıb.
COP bu konvensiyanın ən üst qərarverici qurumudur və konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən 198 ölkə COP-da təmsil olunur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyyələrin icrasına nəzarət etməkdir.
Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” - sıfır emissiyaya nail olmaqdır".
Həmsöhbətimiz vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı Dubayda verilən qərar olduqca həssas bir dönəmə təsadüf edirdi:
"Azərbaycan sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda 1 günlük antiterror əməliyyatı keçirmiş, erməni separatçılarının, terrorçularının son sığınacağını da məhv etmişdi. Bu əməliyyatlarda sonra erməni lobbisi, diasporu Azərbaycana qarşı bütün qüvvəsi ilə hücuma keçmişdi. Bizə qarşı "etnik təmizləmə" kimi absurd ittiham irəli sürülürdü. Lakin Azərbaycan diplomatiyası bu hücumların qarşısını ala bildi.
Antiterror əməliyyatlarından qısa bir müddət sonra Dubayda keçirilən COP28-də COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edildi. COP29-la bağlı dövlətlərin yekdil qərarı Azərbaycana olan etimadın göstəricisi idi.
Çünki Azərbaycan özünün 2030-cu ilə qədər olan sosial-iqtsadi inkişaf proqramında yaşıl artımı prioritet sahə elan edib. Azərbaycanda 20 ilə yaxındır ki, bərpaolunan enerji resursları öyrənilməyə başlanıb".
Elman Cəfərli qeyd edib ki, ölkəmizin quruda və Xəzərin Azərbaycan sektorunda zəngin günəş və külək enerjisi potensialı mövcuddur:
"Azərbaycan dünyanın iri şirkətlərinin dəstəyi ilə bu potensialı öyrənir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Çin və ABŞ kimi iri dövlətlərin nəhəng şirkətləri ilə əməkdaşlıq yolları axtarılır. Bir sıra mühüm memorandumlar da imzalanıb.
Karbohidrogen ehtiyatları ilə zəngin olsa da, Azərbaycan yaşıl enerjiyə keçid siyasətinə sadiqdir, bu yöndə məqsədyönlü iş aparır. Ölkəmiz 2050-ci ilə qədər karbon emissiyasının əhəmiyyətli şəkildə azaldılmasını öhdəlik kimi götürüb".
QHT sədri diqqətə çatdırıb ki, COP29-un Azərbaycan üçün bir neçə cəhətdən əhəmiyyəti var:
"Əvvəla, bu toplantı ölkəmizin turizm sektorunun canlanmasına səbəb olacaq. İkincisi, ölkəmizin son illər əldə etdiyi sosial-iqtisadi uğurların tanıdılması, yaşıl enerjiyə keçid istiqamətində görülən işlərin təbliği baxımından önəmlidir.
Eyni zamanda, bu nüfuzlu toplantıdan istifadə edərək son 30 ildə Azərbaycana qarşı törədilmiş ekoloji terrorun doğurduğu mənfi fəsadlar barədə də xarici nümayəndələr məlumat vermək olar.
Ən əsası Tərəflər Konfransı sadəcə ekoloji problemləri müzakirə etməyəcək, həmçinin ekoloji problemlərin həlli üçün birlikdə əhəmiyyətli addımların atılacağı qlobal platforma olacaq. Bu cür mühüm qərarların qəbul ediləcəyi toplantıya ev sahibliyi edən Azərbaycanın nüfuzlu oyunçu kimi beynəlxalq siyasətdə rolu artacaq”.
Elmir Mustafa
"Cebhe.info"