Alimlərdən xərçənglə bağlı daha bir kəşf

Alimlərdən xərçənglə bağlı daha bir kəşf

UT Southvestern Uşaq Tibb Mərkəzi Tədqiqat İnstitutunun (CRI) alimləri xərçəng hüceyrələrinin yaşamaq üçün qeyri-ənənəvi bir yoldan istifadə etdiyini müəyyən ediblər.

“NATURE” jurnalında dərc olunmuş araşdırma göstərir ki, bəzi xərçəng hüceyrələri həyatda qalmaq üçün lipoproteinləri – qanda yağ daşıyan molekulları – hüceyrə səthindəki xüsusi şəkər tərkibli strukturlar (sulfatlaşdırılmış qlikozaminoqlikanlar, yəni GAG-lar) vasitəsilə əldə edirlər.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat Javier Garcia-Bermudezin rəhbərliyi altında aparılıb. Onun komandası göstərib ki, xərçəng hüceyrələri antioksidant olan α-tokoferolu (E vitamininin aktiv forması) qandan bu mexanizmlə alaraq ferroptoza, yəni zəhərli lipidlərin səbəb olduğu hüceyrə ölümünə qarşı müdafiə qalxanı yaradır.

Normal hüceyrələr lipidləri ya özləri sintez edir, ya da qandan lipoproteinlər vasitəsilə alırlar. Xərçəng hüceyrələri isə bu ehtiyacı ödəmək üçün GAG-lar vasitəsilə alternativ yol seçir və bununla da müalicəyə müqavimət göstərə bilir. Alimlər göstərib ki, GAG istehsalının qarşısı alındıqda, E vitamini səviyyəsi aşağı düşür, şişin böyüməsi zəifləyir və xərçəng hüceyrələri ferroptoza qarşı daha zəif olur.

Böyrək xərçəngi nümunələrində aparılmış klinik araşdırmalar da bu mexanizmin əhəmiyyətini təsdiqləyib. UT Southvesternin Harold C. Simmons Kompleks Xərçəng Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 20 pasiyentin böyrək şişi analiz edilib və normal toxuma ilə müqayisədə daha yüksək GAG və E vitamini səviyyəsi müşahidə olunub. GAG-ların bloklanması nəticəsində isə şişlər daha az aqressiv davranıb.

Dr. Garcia-Bermudez və komandası inanır ki, GAG-ları hədəf alan dərmanlar şiş hüceyrələrini E vitamininin qoruyucu təsirindən məhrum edərək onları müalicəyə qarşı daha həssas edə bilər. Bu isə gələcəkdə daha təsirli və yan təsirləri az olan müalicə üsullarının inkişafına yol aça bilər.

Hazırda tədqiqat qrupu GAG-ları dəqiq hədəf alan dərman vasitələrinin hazırlanması və lipoproteinlərlə daşınan digər lipidlərin xərçəngin yayılmasında rolu üzərində araşdırmalar aparır.

"Cebheinfo.az"