Avropada immiqrantların sayı rekord həddə çatıb
Avropa İttifaqında yaşayan immiqrantların sayı 2025-ci il də daxil olmaqla rekord həddə çatıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Almaniyanın Miqrasiya Tədqiqat və Təhlil Mərkəzinin dərc etdiyi hesabatda qeyd edilir.
Sənədə əsasən, Avropa İttifaqı ölkələrində yaşayan immiqrant əhali bir ildə təxminən 2,1 milyon artaraq 64,2 milyona çatıb.
Hesabatda bildirilir ki, bu göstərici 2010-cu ildə təxminən 40 milyon nəfər idisə, son 15 ildə isə diqqətçəkən artımın baş verməsi müşahidə olunur.
Bu məlumatlar Avrostat (Avropa İttifaqının Statistika Bürosu) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının mənbələrinə əsaslanır.
Almaniya Aİ daxilində ən çox xarici vətəndaşa ev sahibliyi edən ölkədir. Ölkədə yaşayan immiqrantların sayının 18 milyona yaxınlaşdığı bildirilir.
Bu əhalinin 72 faizi əmək qabiliyyətli yaşda olan insanlardır. Hesabatda miqrasiya tədqiqatçılardan olan Tommaso Frattinin fikirlərinə yer verilib.
O bildirib ki, Almaniya həm say çoxluğuna, həm də əhalisinə nisbətdə Avropada immiqrantlar üçün əsas təyinat yeri olaraq qalır.
Son dövrlərdə immiqrant əhalisinin ən sürətli artımı İspaniyada müşahidə olunub. Ölkəyə bir ildə təxminən 700 min yeni immiqrant qəbul edildiyi bildirilir.
Bununla da xarici əhalinin ümumi sayı 9,5 milyona çatır.
Hesabata görə, bəzi kiçik Avropa İttifaqı ölkələrində immiqrant əhalisinin ümumi əhaliyə nisbəti daha yüksəkdir. Bu baxımdan Lüksemburq, Malta və Yunan Kiprini nümunə kimi göstərilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”

