“Boeing” işçilərinin 10 faizini ixtisar edəcək

“Boeing” işçilərinin 10 faizini ixtisar edəcək

ABŞ-nin aviasiya, kosmik və hərbi texnika istehsalında ixtisaslaşan “Boeing” korporasiyası biznesdəki çətinliklər səbəbindən işçi qüvvəsinin təxminən 10 %-ni ixtisar etməyə qərar verib.

"Cebehinfo.az" xəbər verir ki, "Boeing"-in baş icraçı direktoru (CEO) Kelli Ortberq işçilərə ünvanladığı mesajda şirkətin çətin vəziyyətdə olduğunu və uzunmüddətli perspektivdə rəqabətədavamlı qalmaq və müştərilərə xidmət göstərmək üçün struktur dəyişikliklərinə ehtiyac olduğunu qeyd edib.

“777X” proqramında inkişafda yaşanan çətinliklər, uçuş testlərinin dayandırılması və davam edən tətil səbəbiylə vaxt cədvəlinin təxirə salınacağını deyən Ortberg, müştərilərə ilk çatdırılmanın 2026-cı ildə gözlənildiyini bildirib.

Ortberg qalan 767 yük təyyarəsi sifarişini istehsal edib təhvil verməyi, daha sonra 2027-ci ildə kommersiya proqramı istehsalını tamamlamağı planlaşdırdıqlarını və “KC-46A” tanker istehsalının davam edəcəyini bildirib.

İşçi qüvvəsi səviyyələrini prioritetlərə uyğun tənzimləmələri lazım olduğunu qeyd edən Ortberg, "Önümüzdəki aylarda ümumi işçi qüvvəmizin ölçüsünü təxminən 10 faiz azaltmağı planlaşdırırıq. Bu azalmalar rəhbərləri, idarəçiləri və işçiləri əhatə edəcək" deyib.

ABŞ mətbuatında çıxan xəbərlərdə 17 min "Boeing" işçisinin ixtisarlardan təsirlənəcəyi ifadə edilib.

"Boeing" korporasiyası işçilərinin sentyabr ayında tətilə çıxmasından sonra xərcləri azaltmaq üçün işə qəbulun dondurulması, səyahətin dayandırılması və vacib olmayan xərclərin dayandırılması kimi tədbirlər görməyi planlaşdırdığını açıqlayıb.

Nigar
"Cebheinfo.az"