Çin qapılarını AÇIR

Çin İndoneziyanı digər ölkələrə səyahət üçün 10 günə qədər vizasız tranzitə icazə verdiyi ölkələr sırasına əlavə edib.
"Cebheinfo.az" xəbər verir ki, Milli İmmiqrasiya İdarəsindən (NIA) verilən açıqlamaya görə, İndoneziyanın da əlavə edilməsi ilə 10 günlük vizasız tranzit proqramına daxil olan ölkələrin sayı 55-ə çatıb.
Proqrama əsasən, ABŞ, Böyük Britaniya, Kanada, Rusiya və Braziliya kimi ölkələrin vətəndaşları üçüncü ölkəyə və ya regiona tranzit keçərkən Çində 10 günə qədər vizasız qala bilərlər.
2023-cü ilin noyabr ayında Çin, Covid-19 epidemiyasından sonra azalan beynəlxalq səyahətləri canlandırmaq üçün 54 ölkə vətəndaşlarına bəzi bölgələrdə 72 saat, bəzilərində isə 144 saat ərzində vizasız tranzit icazəsi verib. 2024-cü ilin dekabrında isə pulsuz tranzit müddəti 240 saata qaldırılıb.
Pekin administrasiyası, həmçinin müxtəlif ölkələrlə vizadan azad olunma tənzimləmələri edərək Çinə beynəlxalq səyahətləri artırmağı hədəfləyir. 2023-cü ilin dekabr ayında 6 ölkə ilə başlayan və 15 günlə məhdudlaşdırılan viza azadlığı proqramı 30 günə, proqrama daxil olan ölkələrin sayı isə 47-yə çatdırılıb.
Hazırda Çin 18 ölkəyə standart pasport sahibləri üçün qarşılıqlı viza azadlığı tətbiq edir. Həmçinin bir çox ölkə ilə diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün qarşılıqlı viza güzəştləri var. Azərbaycanla da Çin arasında vizasız gediş- gəlişə dair sənəd var.
Nigar Hacılı
"Cebheinfo.az"