"Epşteyn işi"ndə gizli qalan sənəd: "Vida vaxtıdır"

"Epşteyn işi"ndə gizli qalan sənəd: "Vida vaxtıdır"

ABŞ-də yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi qurduğu iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin ölümündən həftələr əvvəl yazdığı və "intihar qeydi" kimi qiymətləndirilən mətnin illərdir gizli saxlanıldığı deyilir.

"Cebheinfo.az" xəbər verir ki, "The New York Times" qəzeti tərəfindən ortaya atılan iddiaya görə, sözügedən qeyd Nyu-Yorkdakı bir məhkəmə sənədində möhürlənmiş (məxfi) şəkildə saxlanılır.

Epşteynin kamera yoldaşı Nikolas Tartalyone milyarderin ilk intihar cəhdindən sonra kamerada bir qeyd tapdığını irəli sürüb. Tartalyonenin sözlərinə görə, həmin qeyddə bu ifadələr yer alıb:

"Nə etməyimi istəyirsiniz, ağlayıb-sızlayım? Vida vaxtıdır".

Sözügedən sənəd Tartalyonenin öz məhkəmə işinin bir hissəsi olaraq federal hakim tərəfindən möhürlənib və həmin tarixdən bəri ictimaiyyətə açıqlanmayıb.

Xəbərə görə, qeydin gizli saxlanılması Epşteynin ölümü ilə bağlı aparılan istintaqların mühüm bir sübutdan məhrum qalmasına səbəb olmuş ola bilər. 

ABŞ Ədliyyə Nazirliyinin yayımladığı milyonlarla səhifəlik Epşteyn dosyesində bu qeydə rast gəlinmədiyi, hətta nazirlik rəsmilərinin də sənədi görmədiyi bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"