Hamı onun öldüyünü zənn edirdi: 28 ildən sonra...

Hamı onun öldüyünü zənn edirdi: 28 ildən sonra...

28 il qonşusunu evində saxlayan şəxs polis tərəfindən yaxalandı.

Əlcəzairdə 1996-cı ildən qonşularından birini evində saxlayan şəxs saxlanılıb.

"Cebhe.info" xəbər verir ki, paytaxt Əlcəzairin 300 kilometr cənubunda yerləşən Celfe vilayətinin Məhkəmə Şurası məsələ ilə bağlı yazılı açıqlama verib.

Şuranın açıqlamasında qeyd olunub ki, mayın 12-də bir nəfər baş prokurorluğa gələrək 30 ilə yaxındır itkin düşən qardaşının Əl-Qədid şəhərində qonşusunun evində qoyun tövləsində olmasından şikayət edib.

Bildirilib ki, şikayətin ardından genişmiqyaslı araşdırma başladılıb və hüquq-mühafizə qrupları sözügedən evə gedib.  Evə baxış zamanı itkin düşən şəxs tapılıb və evin 61 yaşlı sahibi nəzarətə götürülüb.

Açıqlamada prokurorluq tərəfindən zərərçəkmiş şəxsə tibbi-psixoloji yardımın göstərilməsi və şübhəli şəxsin istintaq başa çatdıqdan dərhal sonra prokurorluğa göndərilməsi ilə bağlı göstərişlər verildiyi və hadisənin bütün hüquq-mühafizə orqanları ilə birlikdə izləniləcəyi bildirilib.

Ölkədə sosial şəbəkələrdə saxlanılan şəxsin faciəvi vəziyyətdə, köhnə paltar geyinmiş və gur saqqallı vəziyyətdə tapılmasının foto və videoları paylaşılıb.

Fəallar sosial media platformalarında məhbusun samanla örtülmüş çuxurda tapıldığı anını əks etdirən video da yayıblar.

Fəalların verdiyi məlumata görə, 1996-cı ildə 16 yaşında ikən qaçırılan Ömər bin Ümran mayın 13-də gecə qonşusunun evində samanla örtülmüş çuxurda şok və danışa bilməz bir vəziyyətdə tapılıb. 

Fəalların sözlərinə görə, Ömər bin Ümranın ailəsi onun 1990-cı illərdə Əlcəzairdə fəaliyyət göstərən silahlı qruplar tərəfindən qaçırılaraq öldürüldüyünə inanırdı.

Nigar Hacılı 
"Cebhe.info"