İran “Dəmir Qübbə”ni necə yardı? - VİDEO

İsrail-İran müharibəsinin davam etdiyi şəraitdə dünyaya nümayiş olunan hərbi texnologiyalar maraq doğurur.
“Qafqazinfo” BBC Türkcəyə istinadən xəbər verir ki, yayılan görüntü və məlumatlar İranın İsraili raket hücumlarından qoruyan “Dəmir Qübbə” sistemini yardığını göstərir.
Artıq 5 istiqamət üzrə İranın atdığı 370 raketdən 30-a yaxını İsrailin şəhərlərinə və bəzi zavodlara düşüb. Bu da “Dəmir Qübbə”nin nə dərəcədə etibarlı sistem olduğu sualını yaradır.
Mütəxəssislər bildirir ki, İsrailin hazırda 10 “Dəmir Qübbə” batareyasına sahib olduğu təxmin edilir. Bu batareyaların hər birində 60 raketi eyni vaxtda zərərsizləşdirmək üçün səmaya buraxma qabiliyyətli texnika var. Belə ki, “Dəmir Qübbə” sistemləri 4 mərhələli qərarvermə mexanizmi ilə işləyir. Əvvəlcə radarlar düşmənin göndərdiyi raketin yerini, hərəkət sürətini və düşə biləcəyi yeri müəyyən edir.
Əgər həmin raket dövlət üçün əhəmiyyətli yeri vuracaqsa, boş əraziyə, dənizə və s. düşməyəcəksə, sistem özü qərarvermə mexanizmini işə salır. Dərhal batareya raketi zərərsizləşdirmək üçün mərmini səmaya göndərir. Qarşı tərəfin göndərdiyi raket çatmamış “Dəmir Qübbə”nin raketi ona yaxınlaşaraq partlayır və rəqibi zərərsizləşdirir.
Yayılan statistikaya əsasən, İsrail İranın göndərdiyi raketlərin 90 faizə qədərini zərərsizləşdirə bilib. Bu da “Dəmir Qübbə”nin qüsursuz olmasa da, yaxşı nəticələr əldə etdiyini göstərir.
"Cebheinfo.az"