“Şamaxı”nın məşqçisinin cəzası 1 ildən 6 oyuna endirildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Şamaxı” klubunun şikayətini qismət təmin edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Arbitraj Tribunalı İntizam Komitəsinin “Şamaxı”nın U-15 komandasının məşqçisi Vüqar Süleymanovla bağlı qərarı əsassız hesab edib.
Qərarda bildirilib: 22 aprel 2025-ci il tarixdə AFFA U-15 Liqasında Şamaxı FK–Metak FK arasında keçirilən oyunda Şamaxı FK-nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanovun pozuntuya yol verməsinə görə ona AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinə əsasən müstəsna hal kimi 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının təyin edilməsi barədə AFFA İntizam Komitəsinin 21 may 2025-ci il tarixli qərarı əsassız və AFFA İntizam Məcəlləsinə zidd olduğuna görə ləğv edilsin.
Vüqar Süleymanov 6 oyun diskvalifikasiya olunub, “Şamaxı” 500 manat məbləğində cərimələnib. Apellyasiya şikayətinin qalan hissəsi isə təmin edilməyib.
Qeyd edək ki, V.Süleymanov meydançaya düşərək azyaşlı futbolçuları döyməkdə ittiham edilərək 1 illik futboldan uzaqlaşdırılmışdı.
"Cebheinfo.az"