ABŞ-nin İrana zərbə endirmək üçün nəhəng arsenalı üzə çıxdı

ABŞ-nin İrana zərbə endirmək üçün nəhəng arsenalı üzə çıxdı

ABŞ-nin İrana mümkün zərbəsi zamanı iki aviadaşıyıcı, onlarla qırıcı təyyarə və bir neçə strateji bombardmançı təyyarə cəlb edilə bilər.

Oxu.Az-ın xəbərinə görə, ABŞ-nin "The National Interest" (TNI) jurnalı ABŞ-nin İrana zərbə endirmək üçün nəhəng arsenalını açıqlayıb.

Nəşrin köşə yazarı Piter Suçiu xatırladır ki, iyunun 16-da ABŞ Hərbi Hava Qüvvələri ABŞ-nin İrana aviazərbələrini həyata keçirmək üçün istifadə oluna biləcək 30-a yaxın "KC-135 Stratotanker" və "KC-46A Pegasus" tanker təyyarələrini Avropaya göndərdikdən bir neçə saat sonra Prezident Donald Tramp Kanadada keçirilən G7 sammitini tərk edib. Elə o zaman ABŞ rəhbəri Tehranın 9.4 milyon sakinini şəhəri tərk etməyə çağırıb. Ertəsi gün, iyunun 17-də üç ABŞ rəsmisi "Reuters" agentliyinə bildirib ki, onlarla ABŞ "F-16 Fighting Falcon", "F-22 Raptor" və "F-35 Lightning II" qırıcıları Yaxın Şərqdə yerləşdirilib.

"Bütün bu təyyarələr yerüstü hədəflərə zərbə endirmək qabiliyyətinə malikdir, eyni zamanda, İrana hücumda istifadə oluna biləcək bombardmançı təyyarələri də qoruya bilir", - deyə nəşr yazır.

Həmçinin qeyd edilir ki, yerüstü aerodromlarda yerləşdirilən qırıcılar ABŞ Hərbi Dəniz Qüvvələrinin iki aviadaşıyıcısı - "Carl Vinson" və "Nimitz" ilə təmsil olunan dəniz aviasiyasını tamamlaya bilər. Onlardan birincisi Ərəbistan dənizindədir, ikincisi isə yenicə oraya istiqamətlənir. Hər iki təyyarədaşıyan "F/A-18 Super Hornets" qırıcılarını daşıyır və əlavə olaraq "Carl Vinson" da beşinci nəsil "F-35C Lightning II" daşıyıcı əsaslı təyyarələrinə malikdir. Həmçinin müəllifin sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələri Hind okeanındakı Dieqo-Qarsiya adasında ən azı altı "Northrop B-2 Spirit" strateji bombardmançı təyyarəsini yerləşdirib. Bundan əlavə, "B-52 Stratofortress" təyyarələri bölgədə müntəzəm olaraq varlığını qoruyub-saxlayır.

"Bu, 2021-ci ilin avqustunda qoşunların Əfqanıstandan çıxarılmasından sonra ABŞ-nin regionda hərbi hava gücünün ən genişmiqyaslı artımı deməkdir", - deyə Suçiu qeyd edib.

"Cebheinfo.az"