Paşinyanın Türkiyə səfəri: İrəvanda artıq reallığı başa düşürlər

"Mətbuatda yayılan məlumatlara və Ermənistan Parlamentinin sədri Alen Simonyanın verdiyi açıqlamaya görə, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə rəsmi səfər edəcək.
Bu səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq".
Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Tural Gəncəliyev bildirib. O qeyd edib ki, bu kontekstdə müxtəlif məlumatlar yayılır:
"Alen Simonyan bildirib ki, guya Zəngəzur dəhlizi ifadəsi artıq istifadə olunmamalı, sadəcə yolun açılması ilə bağlı texniki məsələlər gündəmdə saxlanılmalıdır. Amma burada əsas məqam ondan ibarətdir ki, bu yol istər "dəhliz", istər "koridor", istərsə də başqa adla adlandırılsın, Azərbaycanın digər bölgələrini Naxçıvanla və daha da önəmlisi, Azərbaycanı Türkiyə ilə birləşdirən, bütövlükdə isə Türk dünyasının inteqrasiyasına xidmət edən strateji bir nəqliyyat xəttidir”.
Millət vəkili vurğulayıb ki, Ermənistan rəsmilərinin bu xəttə dəhliz deməkdən yayınması daha çox daxili auditoriyanı sakitləşdirmək və Zəngəzur dəhlizinə qarşı olan qüvvələrin mümkün etirazlarının qarşısını almağa hesablanıb:
“Çünki istər adını "yol", istər "dəhliz", istərsə də "koridor" qoyaq, reallıq var. Burada məqsəd Azərbaycan vətəndaşlarının, yük və malların Azərbaycanın qərb bölgələrindən Naxçıvana, oradan isə Türkiyəyə maneəsiz şəkildə keçidini təmin etməkdir. Digər tərəfdən, bu, Türkiyənin regionda bir güc mərkəzi kimi mövqeyini ortaya qoyur.
Ermənistanın bu səfərlə Türkiyə ilə yaxınlaşması, əslində, onun Qərbdən, xüsusilə Fransadan və bəzi digər destruktiv qüvvələrdən uzaqlaşmaq niyyətindən xəbər verir. Ermənistan anlayır ki, nə Fransa, nə Avropa İttifaqı, nə də digər Qərb gücləri ona real təhlükəsizlik zəmanəti verə bilər. Ermənistan üçün belə bir zəmanəti yalnız Türkiyə və Azərbaycan təmin edə bilər.
Regionda baş verən proseslər- Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik və Qərbin qeyri-müəyyən siyasəti fonunda Ermənistan yeni bir strateji kurs axtarır. Bu kurs isə onu Türkiyə və Azərbaycanın təsir dairəsinə yaxınlaşdırır. Ermənistan üçün ən təhlükəsiz və rasional yol məhz Türkiyə və Azərbaycanla əməkdaşlıq etmək, bu iki dövlətin siyasi və iqtisadi çətiri altına daxil olmaqdır.
Ona görə də Paşinyanın Türkiyə səfərini nə sensasiya, nə də gözlənilməz hadisə kimi qiymətləndirmək düzgün olardı. Bu səfər həm Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, həm də Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləməsi baxımından müsbət addım ola bilər. Ermənistan destruktiv xarici təsirlərdən azad olaraq, öz milli maraqlarını düzgün dəyərləndirməli, regionda sabitlik və əməkdaşlıq üçün yeni reallıqları qəbul etməlidir.
Bu isə qonşulara qarşı ərazi iddialarına və ittihamlara birdəfəlik son qoymaqla mümkündür. Türkiyənin bu dəvətini həm diplomatik jest, həm də Türk dünyasının birliyini möhkəmləndirməyə yönəlmiş strateji addım kimi qiymətləndirmək olar. Bu proses Azərbaycanın və bütövlükdə Türk dünyasının maraqlarına xidmət edən təbii bir inkişafdır”.
Səbinə Uğur
"Cebheinfo.az"