İsrail-İran münaqişəsi qlobal bazarları “VURUR”

İsrail-İran münaqişəsi qlobal bazarları “VURUR”

İsrailin İrana hücumundan sonra baş verən hadisələr beynəlxalq arenada diqqətlə izlənilir.

Hazırda bölgədə gərginlik artır, tərəflər qarşılıqlı zərbələr endirir və münaqişənin daha da böyüməsi ehtimalı gündəmdədir. Məhz Yaxın Şərqdə baş verənlər qlobal enerji bazarlarını və nəqliyyat-logistika sistemini də risk altına alır.

Belə ki, münaqişənin coğrafiyasının genişlənməsi və xüsusilə Hörmüz boğazı ətrafında mümkün gərginlik enerji ixracatında ciddi çətinliklər yarada bilər.

Bu fonda dünya bazarlarında neft və qazın qiymətində artım müşahidə olunur. Qlobal təchizat zəncirindəki bu narahatlıq, bir sıra ölkələrdə inflyasiya təzyiqlərini gücləndirə, investisiya axınlarını ləngidə və region dövlətlərini iqtisadi, sosial risklərlə üz-üzə qoya bilər.

Bu gün Azərbaycan öz enerji resurslarını məhz Gürcüstan və Türkiyə üzərindən ixrac etsə də, regionda davam edən hərbi-siyasi gərginlik fonunda investisiya mühiti və makroiqtisadi sabitlik baxımından ölkəmiz üçün müəyyən risklər yaradır.

İqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu gün dünya bazarlarında enerji təhlükəsizliyi baxımından, xüsusilə neft və qaz satışına dair məhsulların qiymətinin bahalaşması istiqamətində müəyyən gərginlik və risk mühiti formalaşmaqdadır.

Onun sözlərinə görə, İran-İsrail qarşıdurmasının genişlənməsi nəticəsində, xüsusilə də Hörmüz boğazında hərbi və ya logistika baxımından bir problem yaranarsa, yəni münaqişə boğazın bağlanması həddinə çatarsa, bu, ciddi nəticələr doğura bilər:

"Çünki bu gün dünya bazarlarına çıxarılan neftin təxminən 20 %-i, sıxılmış təbii qazın isə 30 %-i məhz Hörmüz boğazı vasitəsilə daşınır. Belə bir risk qarşısında, təbii ki, qiymət artımına səbəb ola biləcək yeni bir vəziyyət yaranır.

Azərbaycan olaraq biz qaz və neftin ixracı sahəsində fərqli logistika yollarından istifadə edirik. Aydın məsələdir ki, biz nə İran, nə də Hörmüz boğazı üzərindən keçən dəhlizlərdən asılı deyilik. Bizim ixrac marşrutlarımız əsasən Gürcüstan və Türkiyə üzərindən keçən birbaşa kommunikasiya xətləri ilə həyata keçirilir. Bu baxımdan, sözügedən toqquşma bizim ixrac proseslərimizə birbaşa risk yaratmır.

Amma bölgənin ümumi təhlükəsizlik sistemi, münaqişənin coğrafiyasının genişlənməsi və hansı növ silahlardan istifadə ediləcəyi ilə bağlı qeyri-müəyyənliklər bu faktorlar regionda investisiya mühitinə təsir edə bilər. 

Xüsusilə də ətraf mühitə dəyəcək zərərin səviyyəsi, hərbi əməliyyatların genişlənmə ehtimalı və regional sabitliyin pozulması kapital qoyuluşları üçün riskli fon yaradır".

Ekspert vurğulayıb ki, mövcud vəziyyətə nəzər salanda görürük ki, Azərbaycan quru sərhədlərinin bağlı qalması qərarı təhlükəsizlik baxımından uzaqgörən siyasətin nəticəsidir: 

"Hazırda şimalda Rusiya-Ukrayna münaqişəsi davam edir, cənubda isə İran-İsrail qarşıdurması kəskinləşməkdədir. Bu hadisələr bir daha sübut edir ki, regionda təhlükəsizlik riskləri əvvəlcədən düzgün qiymətləndirilib və ehtiyatlı davranılıb. Görünür, vaxtında daxil olan məlumatlar əsasında bu risklər analiz olunub və ehtimal edilən ssenarilərə uyğun addımlar atılıb.

Bu fonda quru sərhədlərin açıq olmaması müəyyən mənada bizi kütləvi keçidlərdən və ya qaçqın axınının mümkün fəsadlarından qoruyur. Əlbəttə, bu mənim şəxsi fikrimdir. Hesab edirəm ki, bu siyasət məhz bu məqsədlərə xidmət edir.

O ki qaldı bundan sonrakı tədbirlərə, burada artıq konkret zaman və məkan çərçivəsində vəziyyəti izləmək lazımdır. Hazırda hansısa dəqiq proqnoz vermək çətindir. Məlumdur ki, bu proses davam edərsə və qarşıdurma dərinləşərsə, enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq bazarda gərginlik yaranacaq. Bu da öz növbəsində neft və qazın qiymətində artım üçün zəmin yarada bilər.

Ancaq bu artım heç bir halda arzuolunan deyil. Heç kim istəmir ki, qiymətlər insanların qanı və həyatları hesabına yüksəlsin. Biz gəlir əldə etməyi deyil, sabitlik və təhlükəsizliyi üstün tuturuq. Lakin reallıq onu göstərir ki, münaqişə davam edərsə, bazarda təklifin azalması fonunda qiymət artımı qaçılmaz ola bilər".

Səbinə Uğur 
"Cebheinfo.az"