Evimizə girən “ağıllı düşmən”: “İnsanlar artıq ayağındakı yaraya da ondan məsləhət alırlar”

Evimizə girən “ağıllı düşmən”: “İnsanlar artıq ayağındakı yaraya da ondan məsləhət alırlar”

Süni intellektin sürətlə inkişafı və geniş yayılması artıq bir sıra cəmiyyətlərdə ciddi narahatlığa səbəb olub.

Çünki bu texnologiya bəzən elə gizli məlumatları ortaya çıxarır ki, bu, ictimaiyyətdə təəccüb və təşviş doğurur. Ekspertlər hesab edirlər ki, bu texnologiya sosial şəbəkələrin ilkin mərhələdə yaratdığı problemlərə bənzər, hətta onlardan daha təhlükəli nəticələrə səbəb ola bilər. 

Xatırladaq ki, oxşar vəziyyət sosial şəbəkələr ilk dəfə meydana çıxanda da müşahidə olunmuşdu. O zaman bu platformaların yaratdığı təhlükələrə dair narahatlıqlar vardı. Zaman keçdikcə, sosial şəbəkələrin təsiri ailə dəyərlərinin deqradasiyasına, ailə institutunun zəifləməsinə səbəb oldu. Bu prosesin qarşısı müəyyən qədər alısa da, süni intellekt təhlükəsi daha ciddi görünür.

Süni intellekt də sosial şəbəkələr kimi ailə və cəmiyyət dəyərlərinə mənfi təsir göstərə bilərmi? Bu texnologiyanın gələcəkdə yarada biləcəyi təhlükələrin qarşısını almaq mümkün olacaqmı?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında informasiya kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov bildirib ki, texnologiyaya vahid bir alət kimi baxmaq lazımdır, onu müxtəlif kateqoriyalara bölmək doğru yanaşma deyil:

“Süni intellekt bu gün həyatın bütün sahələrinə, o cümlədən sosial şəbəkələrə inteqrasiya olunub. Yəni süni intellekt təkbaşına işləmir, o, həm cəmiyyətə, həm də digər texnologiyalara inteqrasiya olunan bir vasitədir.

İlk olaraq sosial şəbəkələrdən başlamaq istəyirəm. 2000-ci illərin əvvəllərində formalaşmağa başlayan sosial şəbəkələr zamanla bir çox ölkələrin ailə dəyərlərinə və milli mentalitetinə ciddi zərbə vurdu. Bu platformalar müxtəlif ölkələrin mədəniyyətlərinə uyğun şəkildə formalaşmışdı. Məsələn, Rusiya ilə Qərbin yaratdığı sosial şəbəkələr arasında fərqlər vardı. 

Avropa və Amerikada yaradılan sosial şəbəkələr -əsasən “Twitter” və “Facebook” kimi platformalar daha çox fikir və ideya müstəvisində inqilablar edirdi. Məsələn, ABŞ-də keçirilən seçkilərə sosial şəbəkələr vasitəsilə təsir göstərildiyi məlum olmuşdu. Alqoritmlər insanların profilini çıxarıb, onlara necə təsir göstərilə biləcəyini müəyyənləşdirirdi. Bu proses xüsusi institutlar vasitəsilə həyata keçirilir, həm seçki proseslərinə müdaxilə edilir, həm də “Ərəb baharı” da burada əsas rol oynayırdı. Yəni mahiyyət etibarilə Avropa və Amerikanın yaratdığı sosial şəbəkələr fikir və təfəkkür müstəvisində inqilab edirdi, insanları bir araya gətirir, icmalar yaradırdı”. 

Digər tərəfdən, Rusiyada yaradılan “Rambler.ru”, “Odnoklassniki”, “VK” (“Vkontakte”) kimi sosial şəbəkələr vardı:

“Bu platformaların alqoritmləri daha çox insanları şəxsi və intim münasibətlər müstəvisində yönləndirirdi. Onların alqoritminə baxsaq, Avropadakı mexazimlərdən çox fərqli idi. Məsələn, burada istifadəçilərə cinsiyyətə və oriyentasiyaya görə partnyor axtarma imkanı verən axtarış sistemləri ön planda idi. Bu isə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda ailə dəyərlərinə və cəmiyyətin mənəvi strukturuna ciddi zərbə vurdu. Beləliklə, o platformalara daxil olmaqla həmin şəxslərin içindəki gizli potensial və meyillər üzə çıxdı, nəticədə bəzi mədəniyyətlərin pozulmasına gətirib çıxartdı. Beləliklə, həm Rusiya, həm də Avropa və Amerikanın yaratdığı sosial şəbəkələr fərqli məqsədlərə xidmət edirdi və bunu onların alqoritmlərindən açıq şəkildə görmək olurdu”.

Ekspert qeyd edib ki, süni intellekt sistemləri, xüsusilə böyük dil modelləri artıq insanların ən şəxsi məlumatlarını belə emal edə biləcək səviyyəyə çatıb:

“Bu gün isə süni intellektin inkişafı sosial şəbəkələrə böyük təkan verib. Sadəcə sosial şəbəkələr deyil, süni intellekt bu gün iri və kiçik biznes sahələrində, elmi-akademik araşdırmalarda, hərbi və kosmik sənayedə, səhiyyədə, həmçinin şəxsi və gündəlik həyatımızda geniş rol oynayır. 

Bu isə o deməkdir ki, böyük dil modelləri artıq bizim ən şəxsi məlumatlarımızı belə emal edir. Məsələn, artıq insanlar ayağındakı yaraya və hər hansı bir xəstəliyinə kimi süni intellektdən məsləhət alırlar. Bu isə o deməkdir ki, bundan 15-20 il əvvəl sosial şəbəkələrin topladığı məlumatlardan daha çoxunu bu gün süni intellekt modelləri əldə edir.

Yəni əvvəllər sosial şəbəkələr bizi 20-30 faiz tanıyırdısa, bu gün artıq süni intellekt modelləri bizim özümüzü aşkarlamadığımız qədər yaxşı tanıyır. Necə ki, psixoloqa bütün problemlərimizi danışanda bizə bir diaqnoz qoyur, eynilə süni intellekt də bizdən aldığı cavablar əsasında bizi təhlil və manipulyasiya alətlərini təyin edə bilir. Bu səbəbdən də çıxışımın əvvəlində qeyd etdiyim kimi, texnologiyaya vahid bir alət kimi yanaşmalıyıq”. 

Elvin Abbasovun sözlərinə görə, texnoloji inkişaf o qədər geniş vüsət alıb ki, heç bir ölkə süni intellekti və ya sosial şəbəkə platformalarını yalnız öz daxili çərçivəsində lokallaşdıra bilmir:

“Ümumiyyətlə, texnologiyalar, kiçik qar topunun dağdan yuvarlanaraq böyük bir buz dağına çevrilməsi kimidir. O, aşağı çox ağır, sarsıdıcı bir sürətlə gedir, qarşısına çıxan hər şeyi özünə qatır və nəticə etibari ilə heç bir ölkənin süni intellekt və ya sosial şəbəkələri öz müstəvisində lokallaşdırmaq gücü yoxdur. 
Məsələn, Azərbaycan əhalisi 10 milyondur. 9 milyona yaxın internet çıxışı olan IP ünvanı mövcuddur. Ola bilər ki, kiminsə iki telefonu var, o telefonlar internetə çıxışdır. Onların 6 milyona yaxını sosial şəbəkələrdə aktivdir.

Bəzi istifadəçilərin iki profili, saxta hesablar və s. var. Bu, o deməkdir ki, biz “Facebook” və digər beynəlxalq platformalara heç bir təsir edə bilmirik, yəni bizim onlara qazandırdığımız böyük pul yoxdur. Onlar üçün Azərbaycan çox kiçik bir seqmentdir və bizim sosial şəbəkələri bağlamağımız onlar üçün maddi itki sayılmır. Ona görə də bizim dövlət olaraq süni intellekt strategiyası və ya digər qaydalar yaratmağımız ancaq Azərbaycan daxilindəki istifadəçiləri maraqlandırır”.

Ekspert vurğulayıb ki, bu texnologiya artıq manipulyasiya vasitəsinə çevrilməkdədir:

“Biz “Facebook”-a diqtə edə bilmirik ki, sən Azərbaycanda özünü belə apar, ya da “Twitter”-ə, indiki adı  ilə “X”-ə deyə bilmərik ki, Azərbaycanda azyaşlı uşaqlara qeydiyyata icazə vermə. Bizim onlara heç bir təsirimiz yoxdur və ola da bilməyəcək. 

Süni intellekt də sosial şəbəkələr kimi manipulyasiya alətidir. Bu gün insanlar süni intellektdən aldıqları cavabların hamısını düzgün hesab edirlər. Halbuki, bu cavabların 50%-dən çoxu səhv ola bilər. Məsələn, insanlar süni intellektdən tibbi və psixoloji məsləhətlər alırlar. Amma həkimlər müəyyən tibbi analizlər tələb edir və ona əsasən müalicə yazır. Süni intellektə biz bu analizləri təqdim etmədən necə düzgün məsləhət ala bilərik?

İnsanlar bu gün süni intellekt haqqında düzgün məlumatlı deyil. Ordan gələ biləcək təhlükələr haqqında məlumatları yoxdur. Bu isə gələcəkdə ciddi fəsadlara yol aça bilər. Əgər süni intellektdən şüurlu şəkildə istifadə etsək, çox faydalı ola bilər. Bilməliyik ki, süni intellekt bizə yalnız ehtimalları təqdim edir. Biz isə bu ehtimalları təhlil etməli və qərarlarımızı özümüz verməliyik. Tibbi və ya psixoloji sahələrdə süni intellektə tam etibar etmək doğru deyil”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”