Bu şəxslərə psixoloji dəstək davam edir - FOTOLAR

Bu şəxslərə psixoloji dəstək davam edir - FOTOLAR

“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qazi və şəhid xanımlarına psixoloji dəstək” layihəsinin icrasını uğurla davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində 2025-ci il iyunun 14-də şəhid və qazi xanımlarının iştirakı ilə “Xarakterin analizi və fərdi xüsusiyyətlərin tanınması” mövzusunda növbəti psixoloji maarifləndirmə və dəstək təlimi keçirilib.

Tədbirin açılışında çıxış edən “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova layihənin əsas məqsədinin şəhid və qazi ailələrinin psixoloji rifahının gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi və emosional yüklənmələrin azaldılması olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən əməkdar müəllim, təhsil eksperti Zülfiyyə Vəliyeva şəhid və qazi ailələrinin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib və bu kateqoriyadan olan xanımlara göstərilən psixoloji dəstəyin sosial təsirini yüksək qiymətləndirib.

Təlim psixoloq və təlimçi Fəridə Əliyeva tərəfindən aparılıb. Tədbirdə 19 şəhid və qazi xanımı iştirak edib. Təlimdə iştirakçılarla xarakterin fərqli növləri, bu xüsusiyyətlərin gündəlik həyatda və münasibətlərdəki rolu, eyni zamanda özünüdərk və emosional idarəetmə bacarıqları mövzusunda interaktiv müzakirələr aparılıb.

İştirakçılara praktik psixoloji alətlər təqdim olunub, suallar cavablandırılıb və onların özlərini daha yaxşı tanımalarına yönəlik fəaliyyətlər həyata keçirilib. Layihə çərçivəsində növbəti mərhələlərdə də bu istiqamətdə psixoloji dəstək və maarifləndirmə tədbirlərinin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

"Cebheinfo.az"