Trampın bu qərarı xalqı İKİYƏ BÖLDÜ

Trampın bu qərarı xalqı İKİYƏ BÖLDÜ

ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramına qarşı İsrailə ABŞ hərbi dəstəyi verilə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlər tərəfdarları arasında narahatlıq yaradıb.

“Cebheinfo.az” “Bloomberg”ə istinadən xəbər verir ki, Tramp hələlik konkret qərarını açıqlamaqdan yayınsa da, İsrailin hücumlara başlamasından keçən yeddi gün ərzində İrana qarşı ritorikası daha aqressiv hal alıb və ABŞ-nin münaqişəyə qoşulma ehtimalını artırıb.

Trampın İsrailin İranın nüvə proqramını məhv etmək üçün ABŞ ordusunu göndərə biləcəyinə dair eyhamları onun “Öncə Amerika” siyasətini müdafiə edən və tarif siyasəti ilə bağlı isə çoxsaylı və qatı tərəfdarlarının əks reaksiyasına səbəb olub.

Bu yanaşma, Trampın siyasi yüksəlişi zamanı ABŞ seçicilərinin İraq və Əfqanıstandakı uzunmüddətli hərbi müdaxilələrə qarşı narazılıq üzərində qurulmuş “Amerikanı yenidən böyük et” (MAGA) hərəkatının əsas prinsipləri ilə ziddiyyət təşkil edir.

2024-cü il seçki kampaniyası dövründə Tramp, o zamankı prezident Co Baydeni ABŞ-nin Əfqanıstandan tələsik və nizamsız çıxışı səbəbilə tənqid etmiş, xarici münaqişələrdən uzaq duracağına dair vəd vermiş və müharibə əleyhinə mövqeyini sərtləşdirmişdi.

Ötən ay, hazırda potensial müdaxilə üçün ABŞ qüvvələrinin toplaşdığı Yaxın Şərqdə çıxış edən Tramp, regionda müharibə aparan ABŞ-nin “neokon”larını sərt tənqid etmiş və Yaxın Şərqin müxtəlif millət, din və inanclara sahib insanların bir-birilərini bombaladığı deyil, birgə şəhərlər qurduğu bir məkana çevrilməsini istədiyini bildirmişdi.

Qeyd edək ki, Trampın İrana qarşı sərt ritorikası fonunda MAGA hərəkatı daxilindəki parçalanma daha da dərinləşir.

13-16 iyun tarixlərində “YouGov” sosioloji tədqiqat institutunun keçirdiyi ictimai rəy sorğusuna görə, amerikalıların yarısı İranı ABŞ-nin düşməni hesab etsə də, təxminən 60 faizi ABŞ-nin İsraillə müharibəyə hərbi şəkildə müdaxilə etməsini istəmir. Bu mövqedə olanların 53 faizini isə respublikaçılar təşkil edir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”