İran Təl-Əvivi belə vurdu - Raketlərin üzərindəki şəkil DETALI

İran Təl-Əvivi belə vurdu - Raketlərin üzərindəki şəkil DETALI

İran müharibənin 7-ci günündə İsrailə növbəti dəfə hücum edib.  Belə ki, Təl-Əvivi ballistik raketlərlə vuran İran Somoka xəstəxanasını və birja binasını uçurub.

“Cebheinfo.az” xəbər verir ki, hücumlarda ən azı 50 nəfər yaralanıb, raketlərin Təl-Əvivə düşdüyü anlar saniyə-saniyə kameralara düşüb. 

Digər tərəfdən, İran ordusunun İsraili vurmaq üçün istifadə etdiyi raketlərlə bağlı bir detal böyük səs-küyə səbəb olub. İranın raketlərin üzərinə İsrail tərəfindən öldürülən HƏMAS-ın keçmiş lideri Yəhya Sinvar və keçmiş Hizbullah lideri Həsən Nəsrullahın şəkillərini işləyib hazırladığı görülüb.

Səhər saatlarında Ərak Nüvə Təsisini hədəf alan İsrailə cavab zərbəsi endirən İran ordusu ölkənin demək olar ki, hər nöqtəsini raketlərlə vurub. İran ordusunun Təl-Əvivə ballistik raket hücumu mobil telefon kameralarına saniyə saniyə qeyd edilib. 

İsrail və İran arasında gərginliyin artmasının ardınca ABŞ Senatı da hərəkətə keçib. Senatda azlıqların lideri Çak Şumerin köməkçisinin sözlərinə görə, gələn həftənin əvvəlində bütün senatorların iştirakı ilə İranın gündəliyi ilə bağlı gizli brifinq keçiriləcək. Brifinqin dəqiq tarixi və vaxtı hələ müəyyən edilməyib.

Gizli iclas çağırılıb

Gizli iclasda Pentaqon rəsmilərinin, Dövlət Departamentinin nümayəndələrinin və Milli Kəşfiyyat Direktoru Ofisinin (ODNI) yüksək vəzifəli məmurlarının senatorlara məlumat verməsi gözlənilir. Gündəmdə İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyəti, İsrail və İran arasında son toqquşmalar, ABŞ bazalarına təhdidlər və Tehranın diplomatik mövqeyinin təfərrüatları ilə müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, İsrailin hücumlarında İranın Baş Qərargah rəisi Baqeri və İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Səlami kimi yüksək rütbəli hərbçilər də daxil olmaqla, ən azı 224 nəfər həlak olub. İran isə cavab olaraq yüzlərlə ballistik və hipersəs raketləri, eləcə də pilotsuz uçuş aparatları (PUA) ilə Təl-Əviv, Qüds və Hayfanı hədəfə alıb. İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir günbəz”i aşması nəticəsində İsraildə ən azı 24 nəfər həyatını itirib.

İranın xarici işlər naziri Abbas Əraqçı ölkəsinin İsrailin təcavüzünə qarşı qanuni müdafiə hüququndan istifadəyə davam edəcəyini deyib: “Biz qeyri-qanuni, soyqırım və işğalçı İsrail rejimi istisna olmaqla, diplomatiyaya bağlılığımızı davam etdiririk”.

O, “X” sosial media hesabında paylaşdığı mesajında ​​İsrailin bölgədə nüvə silahına malik yeganə ölkə olduğunu göstərən bir qrafik yayımlayıb. İddia edib ki, İran indiyə qədər yalnız özünümüdafiə hüququ çərçivəsində İsraildən qisas alır və Təl-Əvivə “yardım edənləri” hədəf almayıb:

“Netanyahu bu müharibəni diplomatiyanı məhv etmək üçün yaratdığı kimi, dünya uğursuz İsrail rejiminin alovu bölgəyə və onun hüdudlarından kənara yaymaq cəhdlərindən çox narahat olmalıdır”.

İlk dəfə icazə veriləcək

Bu arada ABŞ-nin İsraildəki səfirliyindən “kritik vəzifəsi olmayan” bəzi diplomatların təxliyyəsinə başlanıb. “Associated Press” (AP) agentliyinə danışan və adının çəkilməsini istəməyən ABŞ rəsmiləri İsraildən təxliyə prosesi ilə bağlı açıqlama veriblər.

Rəsmilər ABŞ-nin İsraildəki səfirliyində "qeyri-kritik" vəzifələrdə olan bəzi diplomatlar və onların ailələrinin təxliyə edildiyini bildiriblər. Digər tərəfdən, “İsrail Hayom” qəzetindəki xəbərdə İranla qarşıdurma başlayandan bəri ilk dəfə olaraq 20 iyun cümə günü əcnəbilərin və diplomatların ölkədən uçmasına icazə veriləcəyi açıqlanıb.

Xəzər 
"Cebheinfo.az"