Deputat: “Türkiyə Azərbaycanın prinsipial mövqeyindən çıxış edəcək"

“Azərbaycan hər zaman regional inteqrasiyanın və regionda kommunikasiyaların açılmasının tərəfdarı olub".
Bu sözləri "Cebheinfo.az" - a açıqlamasında millət vəkili Hikmət Badaoğlu bildirib. O qeyd edib ki, əgər Ermənistan Baş naziri Nikol Paşinyanın qardaş Türkiyəyə səfərini təhlil etməyə və ona məzmun verməyə çalışsaq, bu hadisəni Azərbaycanın strateji maraqları baxımından pozitiv qiymətləndirmək olar:
“Ancaq əgər Azərbaycanın maraqlarından kənar hər hansı bir platformada hansısa məsələ müzakirə edilərsə və ya belə bir ehtimal ortaya çıxarsa, bu, təbii ki, tərəfimizdən rəğbətlə qarşılana bilməz. Unutmaq olmaz ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi artıq 5 yaşını qeyd edir və bu sənəd dünya ölkələri arasında bənzəri olmayan strateji tərəfdaşlıq bəyannaməsidir.
Azərbaycan bu bəyannaməyə daim sadiqlik nümayiş etdirib. Düşünürəm ki, Paşinyanın qardaş Türkiyəyə səfəri çərçivəsində formalaşacaq münasibət də məhz strateji müttəfiqlik, tarixi və təbii ortaq maraqlardan, “bir millət, iki dövlət” fəlsəfəsindən qaynaqlanmalıdır”.
Deputat bildirib ki, bu münasibətlər Azərbaycanın mövqeyinin nəzərə alınmasını da özündə ehtiva etməlidir:
“Çünki Azərbaycanın maraqlarının nəzərə alınmaması nəticə etibarilə mümkün görünmür. Eyni zamanda, qeyd etmək lazımdır ki, Paşinyanın səfərindən bir gün öncə Ermənistan parlamentinin sədri Alen Simonyan Zəngəzur dəhlizinə münasibət bildirərək, onu “yol” adlandırdı və məsələnin aktual olduğunu qeyd etdi. Amma Azərbaycanın mövqeyi ondan ibarətdir ki, istənilən adlandırmadan asılı olmayaraq, əsas olan Naxçıvana həm dəmir yolu, həm avtomobil yolu, həm də digər kommunikasiya vasitələri ilə maneəsiz keçid imkanlarının yaradılmasıdır. Yəni burada terminologiyadan daha çox, praktik nəticə önəmlidir.
Əgər bu keçid imkanları təmin olunacaqsa, artıq onun necə adlandırılmasının xüsusi əhəmiyyəti yoxdur. Gözləyirik ki, qardaş Türkiyə bu məsələnin müzakirəsində Azərbaycanın məhz bu prinsipial mövqeyindən çıxış edəcək".
Səbinə Uğur
"Cebheinfo.az"