İranın ərəblərlə "sülh" planı, yoxsa hücumdan müdafiə?

İranın ərəblərlə "sülh" planı, yoxsa hücumdan müdafiə?

İran düşmən münasibətdə olduğu ərəb dövlətləri ilə siyasi barışığa nail olmağa çalışır.

Artıq Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə belə razılaşma əldə olunub və diplomatik münasibətlərin bərpası qərara alınıb. İndi isə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Tərəflər tezliklə diplomatik əlaqələrin qurulması barədə razılığa gəlib. Rəsmi Tehran bu təşəbbüsü sülhsevərlik kimi təqdim etməyə çalışsa da İran rejiminin ərəb dövlətləri ilə yaxın dostluq və mehriban qonşuluq şəraitində yaşamaq niyyətində olduğu inandırıcı görünmür.

Doğrudur, bu prosesdə əsas təşəbbüskar İrandır. Tehran hakimiyyəti düşmən münasibətdə olduğu, yəni ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri ilə gərginliyi aradan qaldırmağa çalışır. Bu, İranın Yaxın Şərq siyasətindəki "Şiə ayparası" strategiyasından demək olar ki, imtinası kimi də başa düşülə bilər.

Hətta İranın perspektivdə Misirlə də barışıq istiqamətində addımlar atacağı istisna edilmir. Əslində, bu "sülh" siyasi müstəvidədir. İdeoloji platformada düşmənçilik davam edir.

İrana isə təcili atəşkəs lazımdır və bu gediş müdafiə xarakterlidir. Çünki İran ətrafında həlqənin daha sürətlə daralmasından narahatdır. Həm İranın nüvə proqramının danışıqlar yolu ilə həllinə olan ümidlərin tükənməsi, həm də rəsmi Tehranın Ukrayna müharibəsində Rusiyaya dəstək verməsi rejimi hədəfə gətirib.

İndi İsrailin Baş naziri Benyamin Netenyahu apardığı danışıqlarda Qərb dövlətlərini İrana qarşı hərbi əməliyyatlara başlamağın vacibliyinə inandırmağa çalışır. ABŞ-ın müdafiə naziri Loyd Ostin bir neçə gün öncə İsrailə səfəri zamanı İrana qarşı hərbi əməliyyatların tezliklə başlayacağı barədə xəbərdarlıq edib.

İran rejimi bu hücumun daha çox ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri olan İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveytin də daxil olduğu hərbi koalisiya tərəfindən həyata keçirələcəyini, yaxud zərbələrin həmin ölkələrin ərazisindən endiriləcəyindən ehtiyatlanır.

Ona görə də Səudiyyə Ərəbistanı və BƏƏ ilə son barışıq əslində, bu təhlükələri neytrallaşdırmağa hesablanıb. Əli Şamxaninin BƏƏ-nin vitse-prezidenti Məhəmməd bin Rəşidlə görüşündə də məhz bu məsələ müzakirə olunub. Məhəmməd bin Rəşid qonağa deyib ki, üçüncü ölkə BƏƏ-nin ərazisindən İrana qarşı hərbi məqsədlər üçün istifadə edə bilməz.

Deməli, İran lazım olan zəmanəti alıb. Ancaq bunun qarşılığında İranın hansı güzəştlərə gedəcəyi məlum deyil. Eləcə də, Səudiyyə Ərəbistanı ilə qapalı danışıqlarda İranın əsas tələbinin hərbi əməliyyatlara qoşulmamaq olduğu şübhə doğurmur. Bunun qarşılığında İran Yəmən ərazisindən Səudiyyə Ərəbistanına terror hücumlarını dayandırmağa, krallığın ərazisində yaşayan şiələrdən təxribat məqsədilə istifadə etməyəcəyinə dair təminat verə bilər.

Ancaq İranın Sistan-Bəllucistan əyalətindəki sünni bəlluclara qarşı dini-məzhəbsəl zəmində etdiyi silahlı hücumların və repressiyalar bu sülhün davamlı olacağına şübhə yaradır. İkincisi, ABŞ başda olmaqla Qərb İranın vurulması məsələsində yekdil mövqe ortaya qoysa, ərəb ölkələri verdiyi zəmanəti geri götürməli olacaq.

Müşfiq Abdulla
Cebhe.info