İsrail İranın nüvə obyektlərini vuracaq
İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə İsrail mediası adının açıqlanmasını istəməyən İsrail Ordusu (TSAXAL) rəsmilərinə istinadən məlumat yayıb.
Yaxın Şərqdəki hadisələrə diqqət çəkən rəsmilər Bəşər Əsədin devrilməsindən sonra İsrailin Suriyaya məxsus hava hücumundan müdafiə sistemlərinin əksəriyyətinin zərərsizləşdirildiyini, “Hizbullah”ın isə zəiflədiyini bildirib.
Bu isə İsrailə İranın nüvə obyektlərinə hücum etmək imkanı yaradıb.
İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunun nə vaxt planlaşdırıldığı barədə məlumat verilməyib.
Əsəd rejiminin devrilməsindən sonra 48 saat ərzində həyata keçirilən 500-dən çox hava hücumunda Suriyadakı zenit-raket sistemlərinin 90 faizinin, hava hücumundan müdafiə sistemlərinin isə 85 faizinin məhv edildiyi qeyd edilir.
Hücumlarda vurulan hədəflər arasında müdafiə sistemləri və hərbi aerodromlarının olduğunu xəbər verilir.
Bundan başqa, Suriyada Rusiya istehsalı olan “Su-22” və “Su-24” təyyarə parklarının tamamilə yararsız hala salındığı, hərbi hava qüvvələrinin təxminən 40 faizinin məhv edildiyi bildirilir.
Digər tərəfdən, İsrailin müdafiə naziri İsrael Katz, dekabrın 9-da Lazkiyə limanına edilən hücumda Suriyanın dəniz donanmasını məhv etdiklərini deyib.
Müşfiq Abdulla
“Cebheinfo.az”