İsrail Trampı qəzəbləndirməkdən qorxur

İsrail Trampı qəzəbləndirməkdən qorxur

İsrail rəhbərliyi Donald Trampın birbaşa təsdiqi və dəstəyi olmadan İranın nüvə infrastrukturu obyektlərinə hərbi zərbə endirmək qərarı verməyəcək. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Financial Times" İsrail və ərəb diplomatlarına istinadla məlumat yayıb. 

Nəşr yazır ki, İsrail Trampı qəzəbləndirməkdən və onun dəstəyindən məhrum qalmaqdan çəkinərək, Ağ Evin açıq dəstəyi olmadan hərbi əməliyyatlardan imtina edəcək. Üstəlik, ABŞ-siz həyata keçiriləcək hücumların təsirinin çox məhdud olacağı düşünülür. Hazırda Tramp İranın nüvə proqramı ilə bağlı problemi diplomatik yolla həll etməyə üstünlük verir. 

Bildirilir ki, Netanyahu Vaşinqtonu daha sərt və aqressiv addımlar atmağa təşviq etməyə çalışsa da, hələ prezidentin andiçmə mərasimindən əvvəl Trampı İran obyektlərinə hərbi zərbəni dəstəkləməyə razı sala bilməyib. İsrail rəhbərliyi Tramp administrasiyasının mövqeyindəki dəyişkənliyi nəzərə alaraq, İrana qarşı Vaşinqtonla razılaşdırılmamış addımlar atmamağa üstünlük verir. 

Xatırladaq ki, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi aprelin 12-də Oman paytaxtı Maskatda iranlı və amerikalı rəsmilər arasında keçirilən danışıqlarda bildirib ki, Tehran öz nüvə fəaliyyətinin dinc məqsədli olduğunu sübut etmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa hazırdır. 

Lakin Əraqçi bu əməkdaşlığın yalnız İranın neft və maliyyə sektorlarına tətbiq edilən sanksiyaların aradan qaldırılması şərti ilə mümkün olacağını vurğulayıb.

Səbinə Uğur 
"Cebheinfo.az"