Keniyada hərbi helikopter qəzaya uğrayıb

Keniyada hərbi helikopter gecə saatlarında Lamu sahil bölgəsində patrul xidməti həyata keçirərkən qəzaya uğrayıb və göyərtəsində olan bütün heyət ölüb.
Bu barədə Cebhe.info "BBC NEWS"a istinadən xəbər verir.
Helikopter Somali ilə sərhəddə yerləşən Boni meşəsində qəzaya uğrayıb. Keniya Müdafiə Qüvvələri (KMQ) qəza zamanı helikopterdə neçə nəfərin olduğunu dəqiqləşdirməyib.
Bununla belə, bəzi KİV-lər hadisə nəticəsində ən azı 8 nəfərin öldüyünü bildirib.
Keniya Müdafiə Qüvvələrinin məlumatına görə, helikopterdə olan ekipaj və digər hərbi qulluqçular, davam edən "Amani Boni" əməliyyatı üçün gecə-gündüz patrul və müşahidə fəaliyyətlərini gücləndirən hava müşahidə eskadrilyasının bir hissəsi idi.
Qeyd olunub ki, qəzanın səbəblərini müəyyən etmək üçün hadisə yerinə istintaq heyəti göndərilib.
Nigar Hacılı
Cebhe.info