Pak Ayin: “Xameneyinin bəyanatları Qafqazda…”
“Əli Xameneyinin bəyanatları Qafqazda sülhün bərqərar olmasına çox kömək edib”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İranın Bakıdakı keçmiş səfiri Möhsün Pak Ayin İRNA-ya müsahibəsində deyib.
O bildirib ki, guya İranın ali rəhbəri Əli Xameneyinin bəyanatları beynəlxalq aləmdə qəbul olunmuş prinsiplərə əsaslanıb və onun açıqlamaları Qafqazda sülhün bərqərar olmasına yardım göstərib.
Möhsün Pak Ayin vurğulayıb ki, 2024-cü ilin xoş hadisələrindən biri olan “Dağlıq Qarabağ” münaqişəsində sülhün bərqərar olması Azərbaycan və Ermənistan respublikalarının hakimiyyət orqanlarının mübahisələri həll etmək və davamlı sülhə nail olmaq iradəsinin nəticəsi hesab olunur:
“Yeni il ərəfəsində bu iki ölkə xarici vasitəçilərin iştirakı olmadan ikitərəfli bəyanat imzalamaqla davamlı sülhün bərqərar olmasına hazır olduqlarını nümayiş etdirdilər”.
“Tərəflərin qarşı ölkənin ərazi bütövlüyünü qəbul etmək iradəsi və Qarabağın Azərbaycana qaytarılması nəticəsində yekun sülhün əldə olunmasına əsas maneələr aradan qaldırılıb və tərəflər sərhəd mübahisələrini və hərbi qüvvələrin öz ölkələrinin sərhədləri arxasına qaytarılmasını müzakirə ediblər”, - deyə sabiq səfir qeyd edib.
İranın Bakıdakı keçmiş səfiri qeyd edib ki, tərəflərin beynəlxalq forumlarda bir-birinin namizədlərini dəstəkləməsi İrəvan və Bakının düşmənçilik dövründən çıxmaq iradəsini təsdiqləyib.
Yunis Abdullayev
“Cebheinfo.az”