Papa Fransiskin vəsiyyəti: "Mənim qalıqlarım qiyamət gününü gözləyərək..."

Vatikan Roma Papası Fransiskin mənəvi vəsiyyətini ictimaiyyətə təqdim edib.
Sənəddə pontifik qeyd edir ki, o, özünü hər zaman Müqəddəs Məryəmə həvalə edib və həyatının son illərində üzləşdiyi əzabları “dünyada sülh naminə” Tanrıya qurban verib.
"Cebheinfo.az" xəbər verir ki, vəsiyyət mətni "Vatican News" saytında dərc olunub.
“Yer üzündəki ömrümün sonuna yaxınlaşdığımı hiss edərək və əbədi həyata olan canlı ümidlə, yalnız dəfn olunacağım yerə dair son istəyimi bildirmək istəyirəm”, – sənəddə belə yazılır.
Papa Fransisk həyatını və pontifik xidmətini hər zaman Müqəddəs Məryəmə həvalə etdiyini vurğulayıb:
“Bu səbəbdən xahiş edirəm ki, mənim qalıqlarım qiyamət gününü gözləyərək Müqəddəs Məryəm Papalık Bazilikasında dəfn edilsin”.
Pontifik əlavə edib ki, onun “bu dünyadakı son yolçuluğu” məhz həmin qədim Məryəm ziyarətgahında başa çatsın. Çünki o, hər beynəlxalq səfərinin əvvəlində və sonunda həmin bazilikada dua etmək üçün oraya baş çəkirdi.
“Mənim üçün həmin Papalık Bazilikasında – Pavelin ibadətgahı ilə Sforza ibadətgahı arasında yerləşən yan nef hissəsində, yerin altında sadə, bəzəksiz və üzərində yalnız “Franciscus” yazılmış bir qəbir hazırlanmasını rica edirəm”, – deyə sənəddə qeyd olunur.
Bundan əlavə, Fransisk bildirib ki, dəfn hazırlıqları ilə bağlı bütün xərclər onun Santa-Maria-Madjor Bazilikasına ianə etdiyi vəsait hesabına qarşılanmalıdır.
“Qoy Rəbb mənə dua etməkdən usanmayan və məni sevən hər kəsə mükafatını versin. Həyatımın son dövründə çəkdiyim əzabları dünyada sülh və xalqlar arasında qardaşlıq naminə Tanrıya hədiyyə edirəm”, – deyə vəsiyyətdə vurğulanır.
Qeyd olunub ki, Papa Fransisk bu vəsiyyəti 29 iyun 2022-ci il tarixində yazıb.
Papa Fransisk Pasxa bazar ertəsi səhər saat 7:35-də, 88 yaşında vəfat edib.
"Cebheinfo.az"