Polis tanınmış redaktorun evinə basqın etdi
Hindistanın paytaxtı Dehlidə polis "NewsClick" xəbər saytının maliyyələşdirilməsi ilə bağlı araşdırma çərçivəsində bir neçə tanınmış jurnalist və yazıçının evlərinə basqın edib.
Cebhe.info bu barədə "BBC News"a istinadən xəbər verir.
Polis çərşənbə axşamı səhər saatlarında basqın etdikləri insanların mobil telefonlarını və noutbuklarını ələ keçirib.
Səlahiyyətlilərin "NewsClick"-in Çindən qeyri-qanuni maliyyə alması ilə bağlı iddiaları araşdırdığı bildirilib.
"NewsClick" bu ittihamları rədd edir.
Çərşənbə axşamı günü basqın edilənlər arasında saytın redaktoru Prabir Purkayaşa, jurnalistlər Abhisar Şarma, Aunindyo Çakravarti və Bhaşa Singh, məşhur satirik Sanjay Rajoura və tarixçi Sohail Haşmi də var. Yazarların bəziləri dindirilmək üçün polis bölmələrinə aparılıb.
Polis hələ də basqınlarla bağlı şərh verməyib.
Xatırladaq ki, 2009-cu ildə qurulan "NewsClick" müstəqil xəbərlər və aktual məsələlərlə bağlı hökuməti tənqid edən saytdır.
2021-ci ildə Hindistanın birbaşa xarici investisiya qaydalarını pozduğu iddiası ilə vergi orqanları tərəfindən reyd edilmişdi.
Nigar Hacılı
Cebhe.info