Prezident Blinkenə məktub yazdı: “Mənim yeganə xahişim...”

Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ-yə müraciət edib.
O, ABŞ dövlət katibi Antoni Blinkenə respublikanın daxili işlərinə qarışmamaq xahişi ilə məktub yazıb.
“Cebhe.info” xəbər verir ki, sənədin bir nüsxəsi Japarovun sosial şəbəkə hesabında yayımlanıb.
Mətndə o qeyd edib ki, Bişkek bərabər əməkdaşlığa tərəfdardır və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırdır.
“Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, - deyə Prezident qeyd edib.
O, həmçinin əlavə edib ki, Blinken Qırğızıstanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı qərəzli danışıb.
Onun sözlərinə görə, qeyri-hökumət/qeyri-kommersiya təşkilatlarının böyük əksəriyyəti Qırğızıstanda ləyaqətlə və vicdanla işləyir:
“Xarici dövlətlər tərəfindən maliyyələşdirilən bu strukturların yalnız kiçik bir qrupu qrant verənlər üçün etibarsız məlumat mənbəyidir”.
“Ümumiyyətlə, Qırğızıstanda insan hüquq və azadlıqları Konstitusiya və qanunlarla qorunur”, - deyə respublika Prezidenti əlavə edib.
O, Blinkeni Qırğızıstana səfər etməyə və öz gözü ilə görməyə dəvət edib.
Xəzər
“Cebhe.info”