Prezident: "Gürcü xalqı nə istədiyini bilir"

Prezident: "Gürcü xalqı nə istədiyini bilir"

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentində illik hesabatı zamanı deputatlara Konstitusiyanın NATO və Aİ-yə daxil olmaqdan bəhs edən 78-ci maddəsini xatırladıb.

Cebhe.info gürcü mətbuatına istinadən xəbər verir ki, Zurabişvili çıxışına Buça şəhərində baş vermiş faciənin ildönümündə ukraynalılarla həmrəy olduğunu bildirməklə başlayıb və onların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Gürcüstan prezidenti  aprelin 9-nun gürcü xalqı üçün əlamətdar gün olduğunu deyib:

"Zviad Qamsaxurdiya illər öncə Gürcüstanın müstəqilliyini aprelin 9-da bərpa etdi. O, xalqı bu məqsəd ətrafında birləşdirə bildi",-deyə o qeyd edib.Daha sonra Zurabişvili deputatalara   Konstitusiyadakı  78-ci maddəni xatırladıb: “Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika sazişlərinə tam inteqrasiyası. Ona görə də bu gün  xalqın sizə verdiyi mandatı yerinə yetirməyə başlayanda dünən harada dayandığınızı sizə xatırlatmaya bilmərəm”, - deyə Gürcüstan Prezidenti bildirib.

O əlavə edib ki, “Gürcü arzusu”  xalqın iradəsini həyata keçirən, avtoritarizmə qalib gələn, ölkənin Avroatlantik kursunu gücləndirən, lakin sonradan xalqın iradəsini yerinə yetirməkdən yayınan hakimiyyətə çevrilib.

“Gürcüstan xalqı dəfələrlə öz iradəsini və seçimini ifadə edib. 20 iyun 2020-ci ildə xalq sizə dedi ki,  Rusiyanı heç bir formada istəmirik. 2022-ci il martın 4-də xalq dost ölkə Ukrayna ilə həmrəy olduğunu bəyan etdiyini və iki ölkənin ümumi Avropa yolundan başqa alternativi olmadığını bildirdi. 7-8 mart 2023-cü il tarixlərində isə xalq  sizə necə bir gələcək istədiyini və Avropa gələcəyinin itirilməsi ilə heç vaxt barışmayacağını söylədi",-Zurabişvili deyib.

O, gürcü xalqının çağırışının  son dərəcə aydın olduğunu vurğulayıb və qeyd edib ki,  dünya bunu mükəmməl eşitdi və gördü. 

"Amma hakimiyyət başa düşmədi ki, siz xalqa borclusunuz və mandatınız var, gürcü xalqı öz iradəsinin yerinə yetirilməsini sizə həvalə edib”, - Salome Zurabişvili bildirib.

"Müxalifət bitib-tükənməyən boykotlarda günahkardır. Onlar  Brüsselə və ABŞ-a ölkəyə zərər gətirə biləcək məlumatlar göndərirlər.  Amma bütün bunların da məsuliyyətini hakimiyyət daşıyır",- Zurabişvili  əlavə edib ki,  gürcü xalqı bir əsrdən artıqdır Avropanın nə olduğunu, niyə Avropanı istədiyini və Avropa dəyərlərinin gürcü dəyərlərinə tam uyğun olduğunu bilir.

Sevinc Tapdıqqızı
Cebhe. info