Qaçqınların statusu təhlükə altına düşür

Ukraynalı qaçqınların Avropa İttifaq (Aİ) hüquqi statusu təhlükə altına düşə bilər, çünki münaqişə başa çatdıqdan sonra onların qalmasına imkan verəcək aydın bir plan yoxdur.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Euractiv" yazır. 2022-ci ilin martında Avropa İttifaqı Müvəqqəti Müdafiə Direktivini aktivləşdirdi. Bu sənəd milyonlarla ukraynalıya Aİ ölkələrində yaşamaq və işləmək hüququ verdi. Amma müharibə bitərsə, bu direktiv qüvvədən düşə bilər. Belə olan halda, hər bir üzv ölkə özü qərar verməli olacaq: ya yardımı azaldacaq, ya qaçqınları cəmiyyətə inteqrasiya etməyə çalışacaq, ya da onları vətənə geri göndərmək barədə düşünəcək.
Nəşr yazır ki, Aİ miqrasiya məsələlərində tez-tez fikir ayrılığına düşür. Bu da müdafiə mexanizminin uzadılması ilə bağlı vahid qərar qəbul edilməsini çətinləşdirir. Hətta bəzi ölkələr bu təşəbbüslərə qarşı çıxa bilər. Qeyd edək ki, Müvəqqəti Müdafiə Direktivinin hər ölkədə fərqli şəkildə tətbiq olunması vəziyyəti daha da mürəkkəbləşdirir. Yəni ukraynalı qaçqınların hansı hüquqlara sahib olması onların hansı ölkədə yaşadığına görə dəyişir. Bu da Aİ miqyasında vahid plan hazırlamağı çətinləşdirən əsas səbəblərdən biridir.
Səbinə Uğur
"Cebheinfo.az"