Qazaxıstan xarici turistlər üçün “müasir köçəri” vizası tətbiq edib
Qazaxıstan xarici turistlər üçün yeni “Neo Nomad” (müasir köçəri) vizası tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə TASS Qazaxıstanın Turizm və İdman Nazirliyinə istinadən məlumat yayıb.
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, “Neo Nomad” adlı yeni viza növü tətbiq edilib. Bu viza müasir köçərilər adlandırılan şəxslər - iş və istirahəti birləşdirən, səyahət edən və məsafədən işləyən xarici turistlər üçün nəzərdə tutulub. Yeni viza rejimi pandemiyadan sonra oxşar proqramları uğurla həyata keçirən 50-dən çox ölkənin beynəlxalq təcrübəsini nəzərə alır”, - məlumatda deyilir.
Qeyd olunur ki, əcnəbi turistlər xarici şirkətlərdə işlə təmin olunmaqla Qazaxıstanda bir ilədək qala biləcəklər.
Qurumdan verilən məlumata görə, “Neo Nomad” vizası almaq üçün xarici vətəndaş Qazaxıstandan kənarda azı 3 min ABŞ dolları həcmində sabit gəliri olduğunu nümayiş etdirməlidir. Həmçinin tibbi sığorta və məhkumluq haqqında arayışın təqdim edilməsi zəruridir.
“Viza proqramlaşdırma, marketinq və maliyyədən tutmuş konsaltinq, dizayn və elektron ticarətə kimi müxtəlif sahələrdə məsafədən işləyən turistlər üçün nəzərdə tutulub”, - nazirlikdən bildirib.
Turizm Nazirliyi viza rejiminin tətbiqindən iqtisadi effektin hər il 3 milyard təngəni (6,8 milyon ABŞ dolları) ötəcəyini gözləyir.
"Cebheinfo.az"