Qəzza boykotları “McDonald's” satışlarına zərər vurub

Qəzza boykotları “McDonald's” satışlarına zərər vurub

“McDonald's” İsrailin Qəzzada törətdiyi qətliam səbəbiylə dünya miqyasında davam edən  boykotların satışlarına zərər vurduğunu açıqlayıb.

“Cebhe.info” xəbər verir ki, “McDonald's” satış hədəfinə çata bilməyib, bunun səbəbini isə İsrailin Qəzzadakı müharibəsi ilə əlaqələndirib. 

Şirkət eyni mağazada satışlarının üç ayda 3,4 faiz artdığını və analitiklərin təqribən 4,9 faiz artım gözləntilərinin altında olduğunu bildirib.

Şirkətin baş maliyyə direktoru Ian Borden, müharibənin “fast food” nəhənginin 2023-cü ilin son rübündə bölgədəki qazanclarına "əhəmiyyətli dərəcədə təsir etdiyini" söyləyib.

“McDonald's”ın baş direktoru Chris Kempczinski rüblük konfransda investorlara deyib: 

"Bu müharibənin “McDonald's”ın Yaxın Şərqdəki şöbələrinə davam edən təsiri məyusedici və əsassızdır. Aydındır ki, biz Yaxın Şərqdə ən əhəmiyyətli təsiri görürük".

Kempczinski, etiraf edib ki, Malayziya və İndoneziya kimi böyük müsəlman bazarlarındakı müştərilər də boykot səbəbindən uzaq durublar.

“Fast food” şəbəkəsinin nüfuzunu itirməsi əhəmiyyətli müsəlman icmalarının olduğu hər yerdə hiss olunur. Səlahiyyətlilər, bəzi təsirlərin Fransa kimi sıx müsəlman əhalisi olan Avropa ölkələrində də müşahidə edildiyini qeyd ediblər.

Şirkət müharibə səbəbindən itirilən satışlar haqqında rəqəm açıqlamaqdan imtina etdi, lakin investorlara "təsirinin əhəmiyyətli olduğunu düşünə bilərsiniz" deyib.

“Fast food” nəhənginə qarşı boykot çağırışları oktyabr ayında onun İsrail şöbəsi Qəzzaya hücumda iştirak edən İsrail əsgərlərinə minlərlə pulsuz yemək bağışlayacağını elan etdikdən sonra başlayıb.

İstehlakçıların reaksiyasını dəf etmək ümidi ilə bir çox ərəb ölkəsindəki filiallar İsrail filialından uzaqlaşdılar və bəziləri Qəzzaya humanitar yardım ianələrini elan etdilər.

Nigar 
“Cebhe.info”