Saf qızıldan hazırlanan çay qabı oğurlandı

Yaponiyanın paytaxtı Tokioda təxminən 10 milyon yen (65 min dollar) dəyərində saf qızıldan hazırlanmış çay qabının oğurlandığı bildirilir.
"Cebhe.info" Yaponiyanın dövlət televiziyası “NHK”-ya istinadən bildirir ki, Tokionun Nihombaşı rayonunda yerləşən məşhur Takaşimaya ticarət mərkəzində oğurluq hadisəsi baş verib.
Binanın 8-ci mərtəbəsində promo məhsulların nümayiş olunduğu vitrindən 10 milyon yen dəyərində saf qızıldan hazırlanmış çay qabı oğurlanıb.
Təhlükəsizlik kamerasının görüntülərindən müəyyən edilib ki, 20-30 yaşlarında olan şəxs əvvəlcədən kilidlənməmiş vitrindən qabı götürərək bel çantasına qoyub.
Xəbərdən sonra hadisə yerinə sövq edilən polis qrupları şübhəlinin günəş eynəyi, boz köynək və qara şalvarda olduğunu müəyyən edib.
Promo məhsullar üçün keçirilən tədbirdə mühafizəçilər olsa da, hadisədən sonra ilk 20 dəqiqə ərzində oğurluğun üzə çıxarılmasının mümkün olmadığı bildirilib. Şübhəlinin axtarışları davam edir.
Nigar Hacılı
"Cebhe.info"