Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı İrəvana CAVAB

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı İrəvana CAVAB

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Rusiyaya etiraz notası verməsinə münasibət bildirib.

“Cebheinfo.az” Modern.az-a istinadən xəbər verir ki, o, Ermənistanın reaksiyasının anlaşılmaz olduğunu deyib.

Qeyd edək ki, Rusiya telekanalının "Vesti Nedeli" proqramında yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilib, İrəvan buna görə Moskvaya nota verib.

Zaxarova qeyd edib ki, burada söhbət jurnalistin sözlərindən gedir:

"Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də, Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bu birincisi...

İkincisi, bizim rəsmi mövqeyimiz İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik, o cümlədən brifinqlərimizdə..  Ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokdan çıxarılmasından danışırıq.

Hər şeydən öncə burada söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli Bəyanatından gedir. Həmin bəyanatda hər şey dəqiq şəkildə qeyd olunub. Mən həmin bəyanatın bu hissəsini dəfələrlə səsləndirmişəm, bunu indi bir daha edəcəyəm".

Rusiya XİN sözçüsü xatırladıb ki, həmin bəyanatda regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan Respublikasının Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi, bu marşrut üzrə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Xidmətinin həyata keçirəcəyi qeyd olunub.

“Cebheinfo.az”