Zelenski daimi atəşkəsə çağırıb

Zelenski daimi atəşkəsə çağırıb

Ukrayna Rusiya ilə mülki obyektlərə uzaqmənzilli zərbələrin yasaqlanmasını nəzərdə tutan qismən atəşkəsin başlanması üçün dialoqa hazırdır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində söyləyib.

“Məhz Moskvadan Rusiya ordusuna atəşin dayandırılması barədə real əmr gəlməlidir və əgər belə sərt Rusiya əmri yoxdursa, sükut da olmayacaq”, – dövlət başçısı vurğulayıb.

Prezident xatırladıb ki, Pasxa bayramında hava həyəcanı olmayıb və cəbhənin bəzi sahələrində döyüş əməliyyatları dayanıb. Onun sözlərinə görə, bu o deməkdir ki, Rusiya razı olduqda, atəşkəs mümkündür.

“RF təkcə bir aydan çox əvvəl Ciddədə danışıqlar zamanı edilmiş tam və qeyd-şərtsiz atəşkəs barədə Amerika təklifini deyil, həm də dünən Pasxadan sonra da sükut üçün hər şeyi etmək təklifini rədd edib... Lakin Ukrayna ən azı mülki infrastruktura zərbələr endirməmək təklifini saxlayır. Və biz Moskvadan aydın cavab gözləyirik. Biz bunun necə təmin ediləcəyi barədə istənilən danışığa hazırıq”, – Zelenski əlavə edib.

O qeyd edib ki, belə bir atəşkəs üçün ən sadə yol raket və uzaqmənzilli dronlarla zərbələrin dayandırılmasıdır. Bu, avtomatik olaraq bütün mülki infrastruktur üçün təhlükəsizliyi təmin edəcək.

"Cebheinfo.az"