Anar qaz pulunu ödəyə bilməyən Əlisa Nicatla bağlı qərar verdi - ÖZƏL

Anar qaz pulunu ödəyə bilməyən Əlisa Nicatla bağlı qərar verdi - ÖZƏL

Sosial şəbəkədə Əlisa Nicatın maddi durumu gündəm mövzusudur.

Belə ki, tədbirlərin birində evinin soyuq olduğunu, mənzili isitmək üçün qaz pulunu çatdıra bilmədiyini deyən yazıçının xüsusi imtiyazlara malik olmaması, Azərbaycan Yazıçılar Birliyindən xüsusi təqaüd almaması qınanılıb. Yüzlərlə tarixi-fəlsəfi əsərlərin müəllifinin yaşayış səviyyəsinin aşağı olmasını sosial şəbəkə istifadəçiləri təəssüflə qarşılayıb.

Dünən saytımıza danışan yazıçı 1970-ci ildən birliyin üzvü olduğunu və lakin heç vaxt qurumdan təqaüd almadığını deyib. O, ancaq yaşla əlaqədar 260 manat məbləğində pensiya aldığını bildirib.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib ki, yazıçıya gələn ildən təqaüd veriləcək.

“Yazıçılar Birliyinin təqaüdü müraciət əsasında verilir. Əlisa Nicat Azərbaycan Yazıçılar Birliyinə üzv olandan bəri qurumdan heç bir təqaüd almayıb. Madam ki, Əlisa Nicatın maddi durumunu hamımız bilirik, biz, Anar müəllim də qərara aldıq ki, Əlisa müəllimə təqaüd verilsin.

Yazıçının adı növbəti siyahıya salınacaq. Təqaüd bir il ərzində ayda 300 manat olmaqla verilir. Mart ayında sənədlərin yoxlanılması prosesi gedir, aprel ayından təqaüdlər veriləcək”.

Günay Şahmar

Cebhe.info