Belə getsə, Azərbaycanda kitabxana qalmayacaq – ŞOK STATİSTİKA

Belə getsə, Azərbaycanda kitabxana qalmayacaq – ŞOK STATİSTİKA

Ölkəmizdə ən çox müzakirə olunan məsələlərdən biri də əhalinin kitaba olan marağıdır. 

Bəzən insanların artıq kitab oxumağa maraq göstərmədiyi deyilir. Hətta belə düşünən insanlar çoxluq təşkil edir. Bəzi şəxslər isə kitaba marağın böyük olduğunu və keçirilən kitab sərgilərində bunun ortaya çıxdığını deyirlər. Hazırda ölkəmizdə çox sayda kitab mağazası, sosial şəbəkələr üzərindən də kitab satışı ilə məşğul olan kifayət qədər səhifə var.

Bundan başqa, vətəndaşların əksəriyyəti kitabı “PDF” formatında telefonda, yaxud kompüterdə oxumağa üstünlük verirlər. Bütün bunların fonunda kitabxanalara olan maraq da sual doğurur. Düzdür, ölkədə kitab oxuyan kütlə var. Lakin onların az hissəsi kitabxanalara üz tutur. Ya kitabı satın alırlar, ya da telefonda oxuyurlar. 

Yəni, əvvəlki dövrlərlə müqayisə kitabxanaya gedərək kitab oxuyan, qaytarmaq şərtilə kitab götürən insanların sayı getdikdcə azalır. Elə bu kitabxanaların sayında da özünü biruzə verir. Belə ki, 1990-cı ildə ölkədə 4605 kütləvi kitabxana var idi. 1992-ci ildə bu say rekord səviyyə çataraq 4909 oldu. Amma sonrakı illərdə kitabxanların sayında azalma müşahidə olundu. 

1996-cı ildə bu rəqəm 4644-ə, 2000-ci ildə isə 4374-ə düşdü. Analoji vəziyyət sonrakı illərdə də davam etdi. 2005-ci ildə Azərbaycandakı kütləvi kitabxanaların sayı 4004-ə qədər azaldı. 2009-cu ildə artıq bu rəqəm 4 minin də altına düşərək 3993 kimi qeydə alındı. Bu say 2015-ci ildə 3242, 2016-cı ildə isə 3088 oldu. Təəssüflər olsun ki, 2017-ci ildə isə kütləvi kitabxanalarımızın sayı 3 mindən də aşağı düşərək 2978 oldu. 

2020-ci ildə sayı 2922 olan kütləvi kitabxanalar 2021-ci ildə 2915-ə qədər azaldı. 2022 və 2023-cü illərdə isə bu rəqəm dəyişməz olaraq 2913-də qaldı. Göründüyü kimi, kitablara və kitabxanalara olan marağın azalması bu statistikaya da təsir edir.

Son 31 il ərzində Azərbaycandakı kütləvi kitabxanaların sayı 1996 ədəd azalıb. Həmçinin, 20 il ərzində 1211, 10 ildə isə 407 kütləvi kitabxana bağlanıb. Bu statistika ölkəmizdə kitabxanalara olan marağı ortaya qoyur... 

Elmir Mustafa 
“Cebheinfo.az”