Azərbaycan: Müharibə və sülh dövrünün QALİBİ

Erməni işğalından azad olunmuş Laçında ilk beynəlxalq hava limanının açılması, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli Zirvə görüşü təkcə simvolik deyil, həm də real geosiyasi çəkisi olan hadisədir.
Prezident İlham Əliyevin bu tədbirdə verdiyi mesajlar Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının konturlarını bir daha nümayiş etdirdi. Xüsusilə Zirvə görüşünün 28 May – Müstəqillik Günündə keçirilməsi Azərbaycan diplomatiyasının tarix və müasirliyin sintezinə əsaslanan strategiyasının təzahürüdür.
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib ki, Laçın Beynəlxalq Hava Limanı yalnız infrastruktur layihəsi deyil, həm strateji, həm siyasi, həm də iqtisadi baxımdan çoxölçülü əhəmiyyət daşıyan hadisədir:
"Hava limanı bir neçə mühüm strateji məqam baxımından əhəmiyyətlidir. Hərbi cəhətdən gələcəkdə müxtəlif məqsədlər üçün istifadə oluna bilər, çünki bir neçə ölkənin sərhədlərinə yaxın yerləşir. İqtisadi baxımdan isə Zəngəzur dəhlizinə yaxınlığı və logistik daşımalara əlverişli mövqeyi ilə seçilir. Bu, Azərbaycanda istifadəyə verilən artıq doqquzuncu beynəlxalq hava limanıdır.
Bu hava limanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi quruculuq və reinteqrasiya siyasətinin real nəticəsidir. Bu layihə göstərir ki, biz qısa müddət ərzində azad etdiyimiz torpaqlarda müasir texnologiyalara və beynəlxalq standartlara cavab verən obyektlər inşa edə bilirik.
Laçın Hava Limanı həm mülki, həm də strateji-logistik funksiyaları yerinə yetirəcək. Yalnız sərnişin daşımaları deyil, həm də yüklərin, texnikanın və humanitar resursların çatdırılması üçün böyük imkanlar yaradacaq. Bu, bölgənin iqtisadi dirçəlişinə mühüm təkan verəcək".
Millət vəkili vurğulayıb ki, geosiyasi baxımdan bu hava limanı Azərbaycanın Cənubi Qafqazda artan rolunun daha bir sübutudur. Onun sözlərinə görə, Laçın regionunun həm Ermənistanla sərhədə, həm də Zəngəzur dəhlizinə yaxın yerləşməsi bu obyektin strateji əhəmiyyətini daha da artırır:
"Bu hava limanı təkcə nəqliyyat nöqtəsi deyil, həm də təhlükəsizlik baxımından önəmli bir məkandır. Azərbaycanın regional təsirinin gücləndirilməsi, logistika və müdafiə imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə verildiyi gün Azərbaycan, Türkiyə və Pakistan liderlərinin burada görüş keçirməsi isə bu ərazinin artıq əməkdaşlıq və inkişaf mərkəzinə çevrildiyini bir daha göstərdi. Azərbaycan yalnız müharibədən qalib çıxmayıb, o həm də sülh dövrünün qalibidir. Bu liman artıq yalnız bir hava yolu deyil, bu, qələbənin, quruculuğun və irəliləyişin rəmzidir.
Laçında keçirilən üçtərəfli Zirvə görüşü Azərbaycanın regiondakı nüfuzunun artdığını, strateji mövqeyinin daha da möhkəmləndiyini göstərdi. Tədbirin 28 Maya təsadüf etməsi həm simvolik, həm də siyasi baxımdan əhəmiyyətlidir. Bu tarix Azərbaycanın müstəqilliyinin və dövlətçilik ənənələrinin təntənəsidir. Zirvə görüşü bu müstəqillik kontekstində regional əməkdaşlığın yeni mərhələsinin başlanğıcını təcəssüm etdirir.
Bu, həm dostlara, həm də düşmənlərə açıq bir mesaj oldu: Azərbaycan, Türkiyə və Pakistan yalnız çətin günlərdə deyil, xoş və bayram günlərini də birlikdə keçirirlər. Bu, həm siyasi, həm də strateji baxımdan önəmli mesajdır".
Millət vəkili qeyd edib ki, Laçın kimi həssas və mühüm bir məkanda dövlət başçılarının bir araya gəlməsi regionda sülh və əməkdaşlığın inkişafına dair güclü çağırışdır. Bu üç ölkə arasında qurulan möhkəm strateji tərəfdaşlıq, yeni iqtisadi, siyasi və təhlükəsizlik təşəbbüslərinin önünü açır:
"Eyni zamanda, bu əməkdaşlıq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına, daha geniş regional inteqrasiyaya zəmin yaradır. Azərbaycan bu üçtərəfli format vasitəsilə geosiyasi mövqeyini möhkəmləndirir və regionda qlobal aktorlarla daha geniş əlaqələr qurmaq imkanlarını artırır. Bu format ölkəmizə regional sabitlikdə vasitəçi rolunda çıxış etmək imkanı da verir.
Bəs bu yüksək səviyyəli görüş dünyaya hansı mesajı verdi? Bu görüş göstərdi ki, bölgədə yeni bir əməkdaşlıq və sülh mərhələsi başlayır. Azərbaycan yalnız hərbi qələbələrlə deyil, həm də bölgənin iqtisadi və siyasi inkişafında liderlik etmək iddiasındadır. Azad olunmuş ərazilərdə təhlükəsizliyi təmin edən Azərbaycan bu torpaqlarda müasir infrastruktur qurur və bölgəni dirçəldir. Bu, dünya ictimaiyyətinə Azərbaycanın sülhə və regional əməkdaşlığa sadiqliyinin parlaq göstəricisidir.
Həmçinin qeyd olunmalıdır ki, Hindistan-Pakistan arasında baş verən gərginlik fonunda Türkiyə, Azərbaycan və İran açıq şəkildə Pakistana dəstək nümayiş etdirdi. Bu da göstərdi ki, Azərbaycan-Türkiyə-Pakistan ittifaqı beynəlxalq səviyyədə bir-birinə hər zaman arxa durur və bu həm diplomatik, həm də geosiyasi baxımdan mühüm dayanışma modelidir".
Səbinə Uğur
"Cebheinfo.az"