105 il əvvəl bu gün: Hər kəsi öldürür, qılıncla parçalayırdılar...

105 il əvvəl bu gün: Hər kəsi öldürür, qılıncla parçalayırdılar...

Martın 31-də Azərbaycanlıların Soyqırımı Günü qeyd edilir.

Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetiriblər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb.

Hər yerdə qan var

1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətini həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.

Dəhşətin izi

1918-1920-ci illər Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.

1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub.Əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirılmişdir. lrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb.

Xoyskinin tarixi məktubu

28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda deyilir:

"Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik. Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfıqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 mın nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər”.

Şahid: “Hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər”

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.”

Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirib.

İstintaq materiallarndakı dəhşət

Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarında göstərilir:

*1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub.

*Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.

*1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.

*Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürüblər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.

*İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalayıb.

Qanlı “Urmu bəlası”

Erməni və aysor silahlı birləşmələrinin Güney Azərbaycanda türk-müsəlman əhalisinə qarşı da soyqırım törətdiblər. 1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı 190 minə yaxın Azərbaycan türkünün qətlə yetirildiyi təxmin edilir. Aysorlara yerli türklər cilo deyirdilər.

Hadisələr öncə Urmiya şəhərində başlasa da, hələ 1917-ci ildən ermənilərin yerli türklərə hücumları adi hal almışdı. Urmiyadakı ABŞ nümayəndəsi Şedin təşəbbüsü və zəmanət ilə tərk-silah edilmiş şəhər sakinləri ermənilərə müqavimət göstərə bilmədilər. Seyid Əhməd Kəsrəvinin yazdığına görə, toplardan da istifadə edən erməni-aysor dəstələri, bunun sayəsində şəhərdə xeyli insanın öldürülməsinə nail oldular. İran arxiv materiallarına əsasən, təkcə 1918-ci ilin, mart ayının 17-də, axır çərşənbə günü erməni-daşnak dəstələri və aysor dəstələri 500-dən çox evi yandırıb, 10 mindən çox insanı qətlə yetiriblər. Xalq arasında "Urmi bəlası" kimi bilinən bu hadisələr xalq folklorunda hələ də yaşamaqdadır.

Andronikin qanlı qısası

Qətliam Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də olub. 1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu hadisələrin qarşısı alınıb.

1918-ci ilin iyununda Xoy şəhərinə daxil olan türk ordusu, oradan soyqırımın hələ də davam etdiyi Salmasa yönəldi. Bir necə günlük döyüşlərdən sonra erməni-aysor dəstələri darmadağın edildi.

Güney Azərbaycandakı məğlubiyyətin xəbərini eşidən Andronik qisas və Xoy şəhərini almaq üçün 8 minlik qoşunla Culfadan Xoya hücuma başladı. 1918-ci ilin, iyun ayının 24-də Xoy şəhəri erməni qüvvələri tərəfindən mühasirəyə alındı. Şəhərdə qalmış azsaylı Osmanlı qüvvələri və şəhər sakinlərinin könüllü dəstələri müqaviməti təşkil etdilər. Salmasdan Osmanlı qoşununun yaxınlaşdığı xəbərini eşidən erməni qoşunları Cənubi Azərbaycandan çıxmaq üçün geri çəkilməyə başladılar. Geri çəkilərkən yolüstü bütün şəhər və kəndlər yandırıldı.

Urmiya gölündə olan, rus hərbi gəmisini ələ keçirən 180 nəfər erməni-aysor dəstəsi Şərəfxana limanına hücum etsə də, Osmanlı ordusu və yerli əhalidən təşkil edilmiş könüllülər tərəfindən məğlub edilərək, demək olar ki, hamısı qətlə yetirildi.

Azərbaycan xalqı soyqırım qurbanlarını əsla unutmayacaq.

Xəzər
Cebhe.info