Kirayə evdən çıxmaq istəmirsinizsə: "Azərbaycanda da bu var..."

Kirayə evdən çıxmaq istəmirsinizsə: "Azərbaycanda da bu var..."

Mülki dövriyyədə müqavilə hüquq münasibətlərində iştirak edən vətəndaşların müraciət etdiyi müqavilə növləri arasında əmlak kirayəsi müqaviləsi xüsusi çəkiyə malikdir. 

Əmlak kirayəsi müqaviləsinə görə, sahibi kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Kirayə müqaviləsi adətən yaşayış sahələrinin istifadəyə verilməsi zamanı bağlanılır. Bu gün dünya ölkələrinin bir çoxunda bu sahə qanunla tənzimlənir. Məsələn, Türkiyədə kirayəçinin hüquqları kirayə müqaviləsilə müəyyən edilir və Türkiyə Öhdəliklər Məcəlləsi ilə qorunur. Burada kirayəçinin hüquqları icarəyə götürdüyü daşınmaz əmlakın xüsusiyyətinə, icarə müqaviləsinin müddətinə və tərəflərin müqavilələrinə görə dəyişə bilər. 

Türk Öhdəliklər Məcəlləsinə görə, qeyri-müəyyən müddətli icarə müqavilələrində kirayəçi istənilən vaxt müqaviləni ləğv edə, icarəyə verən isə müqavilənin bağlanmasından on il keçdikdən sonra ümumi müddəalara uyğun olaraq xitam bildirişi ilə müqaviləni ləğv edə bilər. Bu baxımdan 10 illik icarə müqaviləsində kirayəçi heç bir səbəb göstərmədən icarə müqaviləsinin 10-cu ilinin bitməsini gözlədikdən sonra icarəni ləğv edə bilər.

İcarəyə verən icarə müddətinin bitməsinə 3 ay qalmış kirayəçini xəbərdar etməklə, 10-cu ilini başa vurduqdan sonra icarə müqaviləsini ləğv edə bilər. 10 illik kirayəçinin hüquqları kirayəçi ilə icarəyə verən arasında balansı qorumaq üçün təşkil edilib. Bu hüquq sayəsində kirayəçi 10 il müddətində icarəyə verənin əmlak hüququndan qeyri-məhdud istifadəsinə mane ola bilər. İcarəyə verən isə 10 illik müddətin sonunda kirayəçini evdən çıxarmaq hüququna malikdir.

Qeyd edək ki, son illər ölkəmizdə də kirayəçi ilə ev sahibi arasında icarə müqaviləsində bir qədər artım var. Ancaq bu, əsasən könüllü şəkildə reallaşmır. Bəs, kirayənin hüquqi tənzimlənməsinə ehtiyac varmı? 

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirdi ki, əslində ölkəmizdə də kirayəçilərin hüquqlarını qanun qoruyur:

“Sadəcə bizdə kirayə müqavilələri bir qayda olaraq qeyri-rəsmi bağlanılır. Yəni kirayədə qalanların çoxunun müqaviləsi yoxdur. 

Əslində qanuna görə, 11 aydan çox kirayə, icarə müqaviləsi notarial bağlanmalıdır və hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmalıdır. Kirayə, icarə hüququ da bir əşya hüququdur. Necə mülkiyyət hüququna görə bizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarış verirsə, eynilə kirayəyə də çıxarış verir. Orada onun müddəti də göstərilir. Sadəcə, bizdə insanlar bunu etmirlər. Gərək gedib müqavilə bağlasınlar, bundan sonra vaxtından əvvəl ev sahibi onu çıxara bilməyəcək.

Yalnız məhkəmə yolu ilə çıxara bilər. O da o zaman baş verə bilər ki, vətəndaş kirayə şərtlərini pozmuş olsun. Məsələn, ödənişləri vaxtında etmirsə, əmlaka zərər verirsə, kirayə əmlakdan təyinatı üzrə istifadə etmirsə, gərək onu məhkəməyə versin. Məhkəmə də bildiyimiz kimi, illərlə çəkə bilər".

Ekspert qeyd edib ki, Azərbaycanda da qanun var:"Sadəcə, icrasında problem var. Birincisi, ona görə ki, vətəndaşlar müqaviləni lazımi şəkildə rəsmiləşdirmir. 

İkincisi isə ola bilər ki, rəsmiləşdirilir, ancaq ölkədə qanunçuluğun vəziyyətini bilirik. Bir də şahidi olursan ki, icarəyə verən gəlib məcburi qaydada kirayəçini çıxarır. Ancaq onun buna ixtiyarı yoxdur. Onu ancaq icra məmuru çıxara bilər ki, bunun üçün də gərək məhkəmənin qərarı olsun. Bu, o demək deyil ki, Türkiyədə qanun var, bizdə yoxdur. Sadəcə, bu, o deməkdir ki, Türkiyədə qanunçuluq var, Azərbaycanda yoxdur. 

Müqavilədə kirayə hansı müddətə yazılırsa, o müddət ərzində kirayə verən gəlib kirayəçini çıxara bilməz. Bu müqavilə 10-15 il müddətinə də ola bilər. Sadəcə müqaviləni qeydiyyata aldırımalıdır. Ancaq bizdə insanlar avtomobili belə bir-birindən etibarnamə ilə alırlar, qanuna uyğun rəsmiləşdirmirlər”.

Nigar Abdullayeva
“Cebhe.info”