Azərbaycana qaytarılacaq kəndlərlə bağlı yeni model

Azərbaycana qaytarılacaq kəndlərlə bağlı yeni model

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazax rayonu ilə sərhədə növbəti səfərindən sonra Azərbaycanın işğal altındakı kəndlərinin qaytarılacağına ümid artıb.

Birinci mərhələdə dörd kəndi Azərbaycana qaytarmaq istəyinə etiraz edən ermənilərin Paşinyanla sonuncu görüşdən sonra narazılığı müşahidə olunmayıb. Qeyd edək ki, Nikol Paşinyan aprelin 18-də Karvansaray (İcevan) rayonunun Əskipara, Bibiş və Kirants kəndlərinə gedərək yerli əhali ilə görüşüb. Qapalı keçirilən görüşdə Paşinyan əhalini dinləyib və kəndlərin qaytarılmasının vacibliyinə inandırmağa çalışıb: “Biz istəyirik ki, Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxın olması sakinləri narahat etməsin. 

Məqsədimiz, ideyamız ondan ibarətdir ki, siz “Azərbaycan 50 metr aralıdadır” deyəndə narahat olmaq yerinə “Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada ticarətlə məşğul olarıq, bəlkə ferma tikərik” deyəsiniz. Həmçinin, buradan avtomobillərin keçəcəyi buraxılış məntəqəsi tikmək olar ki, buna görə Ermənistana ödəniş edərlər”.

 Baş nazir təhlükəsizlik barədə 100 faizlik zəmanət verməsə də, zamanla təhlükəsizliyin 90 faizdən artıq olacağını güman edir. Paşinyan gələn həftədən kənd icması rəhbərlərinin adının demarkasiya və delimitasiya ilə bağlı komissiyaya daxil ediləcəyini söyləyib. Əhalinin Paşinyanın mövqeyi ilə razılaşdığı deyiliir. 

Sakinlər işğal altındakı kəndlərdən Ermənistan qoşunlarının çıxacağı təqdirdə ətraf yüksəkliklərin Azərbaycanın nəzarətinə keçəcəyindən narahat olduqlarını iddia edirlər.

Eyni zamanda, bəzi ermənilər delimitasiya və demarkasiya zamanı sərhəd xəttinin onların evindən və həyətyanı sahəsindən keçəcəyini deyir. Ancaq həmin “sakinlər”in əksəriyyəti işğal dövründə Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrimli, Bağanıs Ayrım kəndlərinin torpaq sahələrini qanunsuz şəkildə mənimsəyərək orada qanunsuz məskunlaşmış ermənilərdir. Ona görə də Ermənistan hökuməti onlara çıxarış verməyib. Qanuni sənədlərin olmaması ilə bağlı onlara kompensasiya ödənilmir. Lakin Paşinyanla görüşə qatılanların mobil telefonlarının yığışdırılması və söhbətin məxfi saxlanılması erməniləri razı salmaq üçün Paşinyanın hansısa vədlər verdiyini göstərir. 

Çox güman ki, Baş nazir əhaliyə itirəcəkləri torpaq və mənzil müqabilində maddi vəsait, torpaq və təhlükəsizliklərinə zəmanət vəd edib. Kirants icmasının rəhbəri Kamo Şahinyan “Hraparak” qəzetinə açıqlamasında yerli sakinlərin Nikol Paşinyanın bəyanatlarından narazı olduqlarını bildirib. Onun sözlərinə görə, əhali bundan sonra nə edəcəyini düşünür: “Biz hələ də müzakirə edirik. Nikol Paşinyan bizə Xeyrimli kəndini verəcəyini dedi, vəssalam. Xeyrimli Azərbaycana verilsə, sülh olmasa, çox pis olacaq. Onlarda qalacaq torpaqlar var. Onun dediyi ilə necə qane olaq, qarışıqdır”. Şahinyanın açıqlaması Paşinyanın Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanıs Ayrım kəndlərini qaytarmaqda israrlı olduğunu, ərazidə yaşayan ermənilərin isə bu məsələdə hələ tərəddüd etdiyini deməyə əsas verir. 

Böyük ehtimalla, Paşinyan ermənilərə kəndlər qaytarılmayacağı halda Azərbaycanın müharibə yolu ilə öz ərazilərini azad edəcəyi barədə növbəti xəbərdarlıq edib. Hərbi əməliyyatlar başlayacağı təqdirdə, Azərbaycan nəinki işğal olunmuş kəndləri, hətta 1982-1984-cü illərdə qanunsuz olaraq Ermənistan SSR-ə bağışlanmış torpaq sahələrini də azad edə bilər. Ancaq dörd kənd dinc yolla qaytarılarsa, həmin torpaqlarda məskunlaşmış ermənilər müharibə risqindən uzaq olmaqla yanaşı, işğaldan əvvəl yaşadıqları ərazilərdə qalmaq imkanı qazana bilər. 

Ona görə də Nikol Paşinyan Azərbaycanla sərhəd xəttinin 50 metr aralıda olmasının ermənilərə təhlükə yaratmadığına onları inandırmağa çalışıb. Paşinyan təhlükəsizlik məqsədilə Azərbaycanın nəzarət edə bilməyəcəyi və dolayı yolun çəkilməsi barədə də tapşırıq verib. Qeyd edilən yol həm də Azərbaycanın işğal altındakı Yuxarı Əskipara kəndindən də yan keçməlidir. Çünki Paşinyan hökuməti anklavların, o cümlədən Yuxarı Əskiparanın qaytarılacağı halda Ermənistanın cənubu ilə şimalını birləşdirən və Gürcüstana çıxışı təmin edən yolun Azərbaycan tərəfindən bloklanacağını iddia edir. 

İşğal dövründə Ermənistan Yuxarı Əskipara ərazisindən qanunsuz olaraq, tranzit məqsədilə istifadə edərək M-4 magistral yolu çəkib. Bu yol Bağanıs Ayrım kəndi yaxınlığında Tavuş vilayətini cənub-şərqinə gedən H-38 yolu ilə birləşir. Hər iki yol Gürcüstana çıxışı təmin edir. Lakin Azərbaycan bu yolları bağlamaq niyyətində olmadığını, əksinə nəqliyyat-kommunikasiya vasitələrinin açılmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. İndi isə Paşinyan Yuxarı Əskipara və Aşağı Əskipara arasında yeni yol çəkib, Azərbaycandan gömrük rüsumu vasitəsilə pul qazanmağı təklif edir. Ancaq Ermənistanın buna maddi imkanı çatmadığını Paşinyan yaxşı bilir. Onun təklifi daha çox daxili ictimai rəyə və narazı sakinləri sakitləşdirməyə hesablanıb. Bunun əvəzində, Azərbaycan gələcəkdə Yuxarı Əskipara kəndinin ərazisindən keçən yolda sadələşdirilmiş qaydada gömrük və sərhəd-buraxılış rejimi tətbiq etməklə Ermənistana istifadə üçün icazə verə bilər. Yəni Ermənistanın digər ərazisindən gələn avtomobillərin, yüklərin və vətəndaşların bu anklav bölgədən hər hansı rüsum ödəmədən tranzit kimi istifadə edərək yenidən öz ərazisinə keçməsi mümkündür. 

Bu, Rusiyanı Kalininqrad vilayəti ilə birləşdirən “Suvalki” dəhlizi modelinin Yuxarı Əskiparada tətbiqi deməkdir. Həmin variantı Zəngəzur dəhlizinə tətbiq etməyi də Azərbaycan rəsmi İrəvana təklif edib. Lakin Ermənistan hələ buna müsbət cavab verməyib.

Paşinyan hakimiyyəti Zəngəzurda “Suvalki” dəhlizi modelinin həyata keçirilməsini qəbul etsə, bunun qarışlığında Azərbaycan da Yuxarı Əskiparada həmin rejimi qarşılıqlı şəkildə Ermənistana şamil edə bilər. 

Oxşar vəziyyət Sofulu və Barxudarlı kəndlərində də müşahidə olunur. Bakı-İcevan dəmir yolu bərpa olunarsa, şərti sərhədi keçdikdən sonra Azərbaycanın anklav kəndlərinə daxil olur. Barxudarlı və Sofulu stansiyalarından sonra dəmir yolu yenidən Ermənistan ərazisinə keçir. Ona görə də sadələşdirilmiş qaydada gömrük və sərhəd-buraxılış rejimi barədə Azərbaycanla Ermənistan arasında razılaşdırıla bilər. 

Paşinyan isə Azərbaycandan öz suveren ərazisinə keçmək üçün rüsum almaq niyyətindədir.

Çünki Paşinyan dörd kəndin qaytarılması müqabilində şərti sərhəddin Azərbaycan tərəfindən beynəlxalq hüquqla tanınmış sərhədləri kimi qəbul olunmasını istəyir. Rəsmi İrəvan hesab edir ki, 1991-ci il Almatı Bəyannaməsinin imzalandığı dövrə aid xəritələr delimitasiya və demarkasiya üçün hüquqi baza rolunu oynayır. Nikol Paşinyan “real Ermənistan” deyərkən məhz 1991-ci ilə aid sərhədlər çərçivəsində ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur. Halbuki, Ermənistan konstitusiyaya görə, 1918-1920-ci illərdə mövcud olmuş və 9 min kv.km-lik respublikanın siyasi varisidir. Yəni Paşinyanın siyasi iddiasının hüquqi əsası yoxdur. Eyni zamanda, Ermənistan Almatı Bəyannaməsini imzaladıqdan sonra Azərbaycan ərazilərini işğal etməklə həmin dövrə aid inzibati sərhədləri tanımaqdan da imtina edib. 

İkincisi, Azərbaycan qanunvericiliyinə görə, Ermənistanla rəsmiləşdirilməyən sərhədlər yalnız dövlətlərarası müqavilə ilə təsbit edilə bilər. Azərbaycanla Ermənistan arasında isə sərhədlərin müəyyən edilməsi ilə bağlı müqavilə yoxdur. Almatı Bəyannaməsi isə delimitasiya və demarkasiya üçün hüquqi öhdəlik yaratmır. Ona görə də Azərbaycan sərhəd xəttini istədiyi istiqamətdə müəyyən edə bilər. 

Müşfiq Abdulla
"Cebhe.info"