Paşinyanın Əskipara sakinləri ilə görüşünün detalları bəlli oldu

Paşinyanın Əskipara sakinləri ilə görüşünün detalları bəlli oldu

Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 17-də Əskipara kəndində erməni sakinlərlə qapalı görüşünün təfərrüatları məlum olub.

“Cebhe.info” xəbər verir ki, kənd icmasının rəhbəri İşxan Ağbalyan bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışıb.

Qeyd edilir ki, bir ay əvvəl Baş nazirlə görüş zamanı Əskipara sakinləri 4 kənd Azərbaycana veriləndən sonra heç olmasa, Ermənistanın nəzarəti altında olan çayı keçməməyi təklif ediblər.

İşxan Ağbalyanın sözlərinə görə, bu variantın 90 faiz halda reallaşması imkanı var.  “Çox güman ki, yol bizdə qalacaq”, - deyə icma rəhbəri bildirib.

Ağbalyan əlavə edib ki, Paşinyan onlara belə deyib.

İcma rəhbəri azərbaycanlıların çayı keçməyəcəyini vəd edib. O, həmçinin VII əsrə aid kilsənin də Əskiparada qalacağını bildirib.

İşxan Ağbalyanın bu açıqlaması göstərir ki, Paşinyan sakinlərə qeyd edilən vədləri verib.

Ermənistanın Baş naziri görüşdə bir növ Azərbaycanla razılaşma əldə etmiş kimi davranıb və erməniləri arxayın salmağa çalışıb. Ancaq Qazax rayonu istiqamətində sərhədlərin delimitasiyası və demarkasiya prosesinə başlanılmadığından hər hansı yolun, kilsənin və ərazinin hansı tərəfə düşməsindən danışmaq gerçəkliyi əks etdirmir. 

Azərbaycan yalnız işğal altındakı kəndlər qaytarıldıqdan sonra sərhədlərin müəyyənləşməsini mümkün hesab edir. Ermənistan isə delimitasiya və demarkasiya prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsinin imzalandığı dövrə aid xəritələr əsasında aparılmasını və bununla bağlı hüquqi öhədliyin sülh müqaviləsinin mətninə daxil edilməsini təklif edir. 

Azərbaycan Ermənistanın bu mövqeyi ilə razılaşmadığı üçün Qazax istiqamətində delimitasiya və demarkasiya prosesi barədə hər hansı anlaşma əldə olunmayıb. İşğal altındakı kəndlər Azərbaycanın suveren ərazisi olduğundan qeyd-şərtsiz azad edilməlidir.

Bu məsələ ərazi mübadiləsi və sərhəd bölgüsü prosesinin tərkib hissəsi ola bilməz. Üstəlik, Alma-Ata Bəyannaməsi sərhədlərin müəyyənləşməsi üçün hüquqi baza rolunu oynamır. Azərbaycanla Ermənistan arasında sərhədlərin rəsmiləşdirilməsinə dair müqavilə də yoxdur.

Ona görə də Paşinyanın Azərbaycanın adından ermənilərə ərazi güzəşti vədini verməsi siyasi spekulyasiyadır. Azərbaycanla Ermənistan arasında yalnız şərti sərhəd mövcuddur. Avropa İttifaqının İrəvandakı daimi nümayəndəliyinin rəhbəri Vasilis Maraqos da bir neçə gün öncə Azərbaycanla Ermənistan arasında yalnız inzibati sərhədlərin mövcud olduğunu deyib.

Yəni iki ölkəni yalnız Sovet dövründən qalmış inzibati sərhədlər ayırır. Bu isə şərti sərhəddir. Azərbaycan və Ermənistan Sovet dövründə mövcud olmuş inzibati sərhədlərin müstəqil dövlət sərhəddi kimi tanınmasına dair müqavilə imzalamayıb. 

Nikol Paşinyan isə Ermənistan SSR-in xəritəsinin maketini nümayiş etdirərək işğal altındakı kəndləri qaytardıqdan sonra  müstəqil dövlətin sərhədlərini formalaşdırmaq istədiyini deyir.

Halbuki, Ermənistan Konstitusiyasına görə, Paşinyan hazırda rəhbərlik etdiyi dövlət 1918-1920-ci illərdə mövcud olmuş Ermənistan Respublikasının siyasi varisidir. Həmin dövrdə isə Qazax rayonunun kəndləri anklav vəziyyətdə belə olmayıb. Hətta Qazax qəzasının sonradan Ermənistan SSR-ə pay verilmiş 10 min hektardan artıq torpaq sahəsi Azərbaycana məxsus olub.

Ona görə də Paşinyan 4 kəndin qaytarılması müqabilində Ermənistan SSR-in xəritəsi əsasında delimitasiya və demarkasiya prosesi aparmaq istəyir. Bu isə Ermənistan Konstitusiyasına ziddir. 

Üstəlik, Ermənistan Alma-Ata Bəyannaməsini imzaladıqdan sonra sənəddə əksini tapmış “ərazi bütövlüyünə hörmətlə yanaşmaq və sərhədlərin dəyişdirlməsi” prinsipini pozub. 

Bu baxımdan, Azərbaycan şərti sərhəddi istənilən əraziyə qədər çəkmək hüququna malikdir və Əskipara ermənilərinə güzəştə gedəcəyi barədə Ermənistan rəsmilərinin iddiaları real görünmür.  

Müşfiq Abdulla 
“Cebhe.info”