Tələbələrin 3 faizi ucuz yaşayır: Qalan 97 faiz isə…

Tələbələrin 3 faizi ucuz yaşayır: Qalan 97 faiz isə…

Hazırda ölkəmizdə azsaylı universitetlərin yataqxanaları var.

Təhsilin əlçatanlılığı yalnız tədrislə deyil, həm də tələbələrin rahat, təhsil aldığı universitetə yaxın ərazidə məskunlaşması ilə xarakterizə oluna bilər. Bu gün Bakı Dövlət Universitetinin 5 mərtəbəli yataqxasında 1 nəfər üçün aylıq ödəniş 75 manatdır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin aylıq qiyməti 60 manatdır. Azərbaycan Tibb Universitetinin 4 yataqxanası var. Bu yataqxanların ödənişi 50-80 manat arasında dəyişir. Sözsüz ki, bu qiymətlər aztəminatlı ailələr üçün bahadır. Həmçinin, yataqxana sayı tələbələrin sayına adekvat deyil. 

"Cebhe.info"-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib ki, 51 universitetin yalnız 11-də yataqxana imkanları var:

"Hazırda ölkədə 51 ali təhsil müəssisəsi və 187 min tələbə var. 51 universitetin yalnız 11-də yataqxana imkanları var. Xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla, Bakı şəhərində 4 universitetin yataqxanası var. 

Uzaq yerlərdən gələn, sosial vəziyyəti zəif olan aztəminatlı ailələrdəki tələbələr kirayədə qalmaq imkanına malik olmurlar. Onlar daha ucuz və təhlükəsiz, təhsil müəssisəsinə yaxın ərazilərdə yataqxana axtarırlar. Yataqxana qiymətinə, təhlükəsiz mühitə, universitetin yaxınlığına görə vacibdir". 

O bildirib ki, beynəlxalq reytinqi üçün universitetin yataqxanasının olması əsas şərtlərdən biridir:

"Bu gün bir sıra universitetlər, məsələn, Bakı Ali Neft Məktəbinin yataqxanası tələbələr üçün ödənişsizdir. Gəncə Dövlət Universitetində qiymətlər aşağıdır, Xankəndidə yerləşən Qarabağ Universitetinin yataqxanası ödənişsiz olacaq. 

Neft və Sənaye Universitetinin ümumi ödənişli yataqxanası var, onun qiyməti kifayət qədər bahadır. Ümumilikdə ödənişlər  50-80 manat arasında dəyişir. Kirayələrlə müqayisədə yaxşı qiymətdir. Ali təhsil müəssisələrinin beynəlxalq reytinqi üçün yataqxana əsas şərtlərdən biridir”. 

O qeyd edib ki, yataqxanaların sayı artırılmalıdır: 

“Bu, həm reytinq məsələsinə görə edilməli, həm də tələbələrin təhlükəsiz və yalnız təhsil mühitində yaşaması təmin olunmalıdır ". 

K.Əsədov bildirib ki, hazırda yataqxanalar tələbələrin sayı ilə müqayisədə olduqca aşağıdır:

"Yataqxanaların sayı tələbələrin yalnız 3 faizini əhatə edir, bu da kifayət qədər aşağı rəqəmdir". 

Naibə 
"Cebhe.info"