Gənclərin inkişafı: Sağlam cəmiyyət və güclü dövlət

Gənclərin inkişafı: Sağlam cəmiyyət və güclü dövlət

İSTİQAMƏT: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Gənclərin hərtərəfli inkişafı, cəmiyyətin də inkişafı deməkdir. İnkişaf etmiş cəmiyyət isə güclü dövlətin əsas təməllərindən biridir. Bu baxımdan gənclərin bütün mənalarda inkişafı dövlətin əsas prioritet məsələlərindən biri olmalıdır.

Ümumiyyətlə, hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır.

Sağlam gəncliyin yetişməsi isə dövlətin apardığı işlərlə yanaşı bir sıra digər amillərdən də asılıdır. Bu məsələdə xüsusi rol isə ailələrə aiddir. Sağlam gənclik sağlam gələcək deməkdir. 

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan Ümid Partiyasının sədr müavini Tamilla Qulami deyib ki, yeni nəsil yeni düşüncə tələb edir:

“Ümumilikdə isə gənclik bir məmləkətin bu günü, sabahı, gələcəyi ilə yanaşı o ölkənin dəyişməsini və rifahını təmin edə biləcək ən böyük potensiala malikdir. Bu gün Azərbaycan gəncliyi ilə yanaşı Azərbaycan cəmiyyəti də dəyişməlidir. 

Dəyişməlidir ki, yeni nəsil fiziki və mənəvi cəhətdən yüksək nəticələrə sahib ola bilsin. Müsbət nəticələr əldə etmək üçün bu ölkənin düşünə bilən gəncliyə ehtiyac var.

Təəssüflər olsun ki, zaman-zaman vətəndaşın siyasi meydandan təcrid olması onun özünə, millətinə, dövlətinə qarşı etinasız olması ilə nəticələnib.

Düzdür, Azərbaycanın ən ağır günündə müxtəlif zamanlarda şikayət etdiyimiz gənclik işğalda olan torpaqlarımızı azad etdi, öz canlarından keçdi, şəhid oldu. Onların müqəddəs ruhları qarşısında baş əyirik!

Biz elə millətik ki, belə məqamlarda yaşadığımız bütün ağrı-acını unudub bir yumruq kimi birləşə bilirik. Əlbəttə ki, bu istiqamətdə ölkə böyüklərinin addımını da unutmaq olmaz”.

Həmsöhbətimiz qeyd edib ki, növbə artıq aidiyyəti hökümət yetkililərindədir:

“Bu gün Qarabağda qələbə qazanan, düşməni qorxudan gənclik ölkə daxilində qorxudulmamalı, öz seçim imkanlarından istifadə etməyi bacarmalıdırlar.

Çünki bu ölkəni onlar təhvil alacaq, məmləkətə onlar sahib çıxacaq. Bu gün gənclik, yeni nəsil ictimai nəzarəti həyata keçirə bilən, dünya yeniliklərindən xəbərdar olan, onu ölkəsinə daşıya bilən, demokratikləşmənin təminatçısı olan bir gəncliyə çevrilməlidir.

Buna görə də yeni nəslin ölkə idarəetməsində yüksək gücə, potensiala malik olması üçün onların iştirakçılığı təmin olunmalı, siyasi seçim etməsi və siyasi institutlarda iştirakına şərait yaradılmalıdır.

Azərbaycan Ümid Partiyası 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərindən həmən sonra bir proqram partiyası olduğunu bəyan etdi. Partiyanın "Gənclər və idman"la bağlı proqramında da qeyd etdiyi kimi institutlarda, vətəndaş cəmiyyətlərində gənclərin iştirakına təminat verilməli, həvəsləndirilməli, onların dövlət idarəçiliyi üzərində ictimai nəzarəti həyata keçirməsinə yardım edilməlidir. 

Gənclərin keyfiyyətli təhsil almaları üçün dövlət təhsil proqramı ardıcıl həyata keçirilməli, oxumaq və elm vərdişlərinin yaranmasına dövlət qayğısı həyata keçirilməlidir. Gənclərin sağlam həyat tərzi yaşamaları, onların pis vərdişlərdən qorunması üçün xüsusi proqram işlənib hazırlanmalı, spirtli içkilər, uyuşdurucu maddələr, pornoqrafiyanın yayılmasına və reklamına xüsusi tənzimləyici qadağalar tətbiq olunmalı, gənclərin asudə vaxtının təşkili proqramlaşdırılmalıdır”.

T.Qulami əlavə edib ki, gənclərin yaşayışının yüksək səviyyədə təmin olunması istiqamətindəki siyasət ardıcıl, dönməz xarakter almalıdır:

“Heç bir gənc yaşadığı bölgədən, regiondan asılı olmayaraq, mənzil, işsizlik problemi ilə üzləşməməli, dövlət proqramı çərçivəsində bu məsələ öz həllini tapmalıdır.

Gənclərin idman yarışlarında iştirakı və Azərbaycanı beynəlxalq yarışlarda təmsil etməsi təşviq edilməli, dövlət bunun üçün həvəsləndirici mükafatlar ayırmalıdır.

Xaricdə təhsil alan gənclərə dövlət xüsusi proqram əsasında qayğı göstərməli, onların ölkəyə qayıdıb xidmət göstərməsinə şərait yaratmalı, tələbələrin təhsil xərclərini, təqaüdlərini, yaşama minimumlarını öz üzərinə götürərək, keyfiyyətli və dünyəvi təhsilin Azərbaycana xidmətini təşkil edilməlidir.

Gənclərin tolerant, liberal, ölkəsini və bəşəriyyəti sevən insan kimi yetişdirilməsi hər bir dövlət orqanının vəzifəsi olmalı, hamı bu istiqamətdə özünün işini təşkil etməli, barış və sülh içərisində yaşamını saxlaya bilən yeni nəsil yetişdirilməlidir; Ali məktəblərə ən yüksək balla daxil olan gənclər (məs:690-700) dövlət hesabına pulsuz mənzillə təmin edilərək, həvəsləndirilməli, onların müəllimləri və valideynləri mükafatlandırılmalıdır.

Xaricdə müvəffəqiyyətlə təhsil alan gənclərə xüsusi təqaüdlər ayrılmalı, beləliklə də oxuma vərdişi yaradılması ilə yanaşı, elm, təhsil təşviq edilməlidir. Gənclər və İdman Nazirliyi nəzarətedici, təşkiledici funksiyanı həyata keçirməlidir.

Ümid Partiyasının bu istiqamətdəki təklifləri gənc nəslin fiziki və mənəvi ehtiyacının qarşılanması üçün kifayət qədər zəngin təkliflərdir.

Ölkənin sütunları sağlam, savadlı, əqidəli gənclərin çiynində dayanır. Bu gəncliyə, yeni nəslə şərait yaradılmalı, istiqbal qapısının qıfılı bağlı saxlanılmamalıdır”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebhe.info”