Regionların sosial-iqtisadi inkişafı: İşlər davam etdirilir

Regionların sosial-iqtisadi inkişafı: İşlər davam etdirilir

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Azərbaycanda həyata keçirilən uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır.

Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər üzrə) qəbul edilmişdir.

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev deyib ki, proqramların həyata keçirilməsində müəyyən çatışmazlıq var:

“2004-cü ildən icra olunan bu proqramlar ölkədə regionların inkişafı ilə əlaqədar tənzimlənmə sisteminin, o cümlədən qanunvericilik bazasının, institutional və iqtisadi mexanizmlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının artırılması, mütərəqqi texniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında yerli iqtisadi potensialın gücləndirilməsi, iqtisadiyyatda rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlığın inkişafı, məhsul və xidmət istehsalı, satışı və istehsal vasitələri bazarında rəqabət mühitinin daha da sağlamlaşdırılması, maliyyə resurslarına və bazara çıxış imkanlarının asanlaşdırılması,sosial xidmətlərin çeşidinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması və aztəminatlı insanlar üçün əlçatanlığının təmin edilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan daha da səmərəli istifadə olunması və ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və bu kimi digər istiqamətlərdə kompleks işlərin görülməsini nəzərdə tutmasına baxmayaraq, dövlət proqramlarının həyata keçirilməsində xeyli çatışmazlıqlar olduğunu da qeyd etmək vacibdir”.

Anar İsayev qeyd edib ki, dövlət proqramları çərçivəsində, xüsusilə 2019-2023-cü illər ərzində aqrar sahənin inkişaf etdirilməsi əsas prioritet istiqamət olaraq götürülmüşdür:

“Belə ki, aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiq edilməsi, dövlət investisiyaları hesabına su anbarları, kollektorların tikintisi, “Aqrolizinq” ASC-nin, aqroparkların yaradılması təqdirəlayiq hal kimi qeyd olunmalıdır. 

Lakin bu işlərin həyata keçirilməsində xeyli çatışmazlıqların olması görülən işlərin effektivliyini aşağı salır. Hesab edirik ki, ilk növbədə dövlət hazırda tətbiq etdiyi kənd təsərrüfatı inkişaf proqramından imtina edib yeni proqrama keçməlidir.

Xüsusilə ABŞ-in, Niderlandın, Danimarkanın, o cümlədən Baltikyani ölkələrinin vaxtilə istifadə etdiyi kənd təsərrüfatı mexanizmlərindən istifadə etməlidir. İri korporasiyalar yaratmalı və həmin iri korporasiyalarının 50 faiz payçısı kimi dövlət, digər 50 faiz isə yerli fermerlər olmalıdır. 

Belə ki, iri korporasiyalar yaratmadan və böyük miqdarda kapital qoyuluşu etmədən kənd təsərrüfatını inkişaf etdirmək mümkün olmayacaq.Görərik ki, indiki kənd təsərrüfatının inkişaf mexanizmləri və perspektivləri cari perspektivlər səviyyəsini keçmir. Dövlətin müvafiq qurumları regionun sosial-iqtisadi inkişaf imkanlarını, ilkin yanaşmada onun təbii-coğrafi şəraitini, resurs təminatının səviyyəsini və xarakterinin düzgün qiymətləndirməklə ixtisaslaşmış rayonlar yaratmalıdır.

Belə ki, meyvəçilik, tərəvəzçilik, taxılçılıq, maldarlıq üzrə ixtisaslaşmış, heyvandarlığın özü də iribuynuzlu, xırdabuynuzlu olmaqla, iri korporasiyalarda birləşdirməli və ayırdığı pərakəndə, dağınıq, o cümlədən qeyri-səmərəli subsidiyaları mərkəzləşdirilmiş qaydada korporasiyalara ayırmalıdır. 

Zamanla korporasiyalardan iri emal müəssisələrinə keçilməlidir və müasir, mütərəqqi texniki avadanlıq və texnologiyalardan istifadə edərək istehsal olunan məhsulların sertifikatlaşdırılmasını təmin edərək dünya bazarlarına çıxışı təmin etməlidir ki, təkcə Rusiya bazarından asılı vəziyyətdə qalmasın.

Azərbaycan bu gün kənd təsərrüfatı məhsullarının ixracında Rusiyadan asılı vəziyyətdə qalıb. Rusiyadan kənar çox az miqdarda ixrac məhsulları vardır. Amma Azərbaycanın iqtisadi potensialı həm Avropa ölkələrinə, həm ərəb ölkələrinə, həm də digər ölkələrə məhsul ixrac etməyə imkan verir”.

Anar İsayev əlavə edib ki, regionların iqtisadi inkişafının əsas prioritet sahələrindən biri də məşğulluğun təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılmasıdır:

“Bu sahədə də ciddi problemlərin olduğunu qeyd etmək lazımdır. Azərbaycanın ixrac potensialının 92,9 %-i karbohidrogen yataqlarından asılıdır. Amma nəzərə alsaq ki, Azərbaycan əhalisinin 46 %-i kənd rayonlarında yaşayır bu o deməkdir ki, proporsiya bu dərəcədə fərqli olmamalıydı. 

Azərbaycanın ixracının cəmi 7 %-i qeyri-neft sahəsinin payına düşür ki, orada da kənd təsərrüfatı məhsullarının payı 4-5 %-dir. Nəzərə alsaq ki, ümumi daxili məhsulda (ÜDM) kənd təsərrüfatının payına düşən hissə 4,5 milyard manat təşkil edir. Bu da öz növbəsində mənzərənin acınacaqlı olduğunun göstəricisidir.

75-80 milyard manatlıq ÜDM-in cəmi 4,5 milyardı kənd təsərrüfatı sektorunda çalışanların payına düşür. Bu da regionlarda  yaşayan əhalinin sosial vəziyyətinin ağırlığından xəbər verir və nəticə etibarilə rayonda yaşayan əmək qabiliyyətli əhalinin böyük əksəriyyətinin işləmək üçün Bakı şəhərinə və yaxud xarici ölkələrə getməsinə şərait yaradır.

Beləliklə də, kəndlər boşalır və bu da gələcəkdə kənd təsərrüfatı sektorunun inkişafı üçün ciddi problem yarada bilər. Buna görə də kənd təsərrüfatı sahəsinin, istehsal və xidmət sahələrinin maliyyə təminatının yaxşılaşdırılması, bu sahələrdə maliyyə resurslarından səmərəli istifadə həmişə sosial-iqtisadi inkişafın aktual problemləri sırasında olmalıdır.

Azərbaycanda davamlı inkişafın ağırlıq mərkəzi qeyri-neft sektorunun üzərinə keçməlidir. Bu da o deməkdir ki, yaxın gələcəkdə milli iqtisadiyyatın davamlı və səmərəli inkişafı, qeyri-neft sektorunun nə dərəcədə davamlı və səmərəli inkişafından, maliyyə resurslarının səfərbərliyə alınmasından və səmərəli istifadəsindən asılı olacaqdır”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebhe.info”