Yemək çantasında it gəzdirmək olar? – RƏSMİ CAVAB

Yemək çantasında it gəzdirmək olar? – RƏSMİ CAVAB

Son günlər sosial şəbəkələrdə “Wolt” kuryer şirkətinə məxsus mopedlə yemək əvəzinə çantada it gəzdirən moto sürücünün görüntüləri gündəm olub.

Belə ki, Bakıda kuryerin yemək çantasında sanitariya qaydalarını kobud şəkildə pozaraq it daşıması sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb.

Bildirək ki, bəzi heyvanseverlər isə itin yemək çantasında daşımasını normal qarşılasa da, bu ümümilikdə cəmiyyət tərəfindən xoş qarşılanmayıb.

Maraqlıdır, yemək çantasında itin daşıması nə dərəcə düzgündür?

“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, insanlarda yaranan bütün xəstəliklərin 75 faizi heyvanlardan keçir:

“Hərçənd ki, tarix boyu insanlar hansı xəstəliyə yoluxubsa, onun böyük hissəsi heyvanlardan keçib. İnsanlar nə zaman heyvanlara yaxınlaşarlarsa, ya da yaxın təməsda olarlarsa, bir o qədər də onların infeksiyaya yoluxma riski də artır. Mən hər zaman kənd sakinləri ilə görüşdükdə onlara deyirəm ki, heyvanlarla yaxın təmasdan qaçın. Ən əsası isə heyvanın nəfəsindən özünüzü qoruyun. Heyvanlarda elə bir bakteriyalar var ki, insan hətta o xəstəlikdən sağala bilməz”.

Ekspert vurğulayıb ki, həkimlər insanları müalicə edir, baytarlar isə bəşəriyyəti müalicə edir:

“Bakıda kuryerin yemək çantasında it daşınması bütün sanitariya qaydalarının kobud şəkildə pozulması deməkdir. Hər bir halda bu yolverilməzdir. Bu məsələ ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ciddi şəkildə məşğul olmalıdır. Hər zaman AQTA baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblər pozulduqda, yaxud da onlara bu barədə məlumat verdikdə dərhal lazımi qaydada tədbir görür”.

Eyyub Hüseynov qeyd edib ki, heyvanlarla insanların yaxın təməsda olması düzgün deyil:

“Bəzi dırnaqarası heyvanların müdafiə cəmiyyətləri var. Onlar bəzi heyvanları, xüsusən də itlərin genini dəyişirlər. Heyvanlar çox əcaib görünüş alır. Məhz geni dəyişdirilərək klonlaşdırılmış heyvanlar dünyada, eləcə də ölkəmizdə dəyərindən xeyli baha qiymətə satılır”.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq.

Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, yemək çantasında itin daşıması ilə bağlı məsələ nəzarətə götürülüb:

“Bununla bağlı lazım olan bütün tədbirlər görüləcək. Agentlik tərəfindən müvafiq araşdırılma aparılacaq. Araşdırmaların nəticələri barədə ictimaiyətə əlavə məlumat veriləcək”.

Həsən Məmmədov
“Cebhe.info”