Deputatdan etiraz: “Rus bölməsi üzrə siniflərin artırılması yolverilməzdir”

“Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatımız var”.
Bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrinin rus bölməsində 12 min yer var:
“Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, müəllim sayı imkan verərsə, ehtiyac olduqca rus bölməsi üzrə sinif sayı artırıla bilər”.
Məsələ ilə bağlı xalq şairi, deputat Sabir Rüstəmxanlı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, rus bölməsi üzrə siniflərin artırılması yolverilməzdir:
"Şagirdlər xüsusilə ibtidai təhsili ana dilində almalıdırlar. Bu qədər kənar dildə məktəb ola bilməz. Valideynlər şikayətlənirlər ki, rus bölməsi üzrə siniflərdə yer yoxdur. Halbuki ondan artıq Azərbaycan bölməsində yer var. Təkcə Elm və Təhsil Nazirliyinin fikrini əsas tutmaq doğru deyil, hər bir ailənin, vətəndaşın öz milli şüuru, milli düşüncəsi olmalıdır. Eşqi bəy şikayətlərə əsasən bildirir ki, rus bölməsi üzrə siniflərin artırılmasına şərait var. Lakin burada da çox məsələ valideynlərdən asılıdır".
Ləman İsmayıl
"Cebhe.info"